Ceyhun Musaoğlu rəqibi Oqtay Əsədovu təbrik etdi

ceyhun-musaoglu-reqibi-oqtay-esedovu-tebrik-etdi
Oxunma sayı: 2559

45 saylı Abşeron seçki dairəsindən deputatlığa namizəd Ceyhun Musaoğlu fevralın 9-u baş tutan parlament seçkilərində qalib gələn rəqibi Oqtay Əsədovu təbrik edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə C. Musaoğlunun seçki qərargahı açıqlama yayıb.

Açıqlamada deyilir:

“Ceyhun Musaoğlu sorğulara görə 45 saylı Abşeron seçki dairəsində favorit namizədlərdən biri hesab olunurdu. Əlbəttə, iki dəfə bu dairədən deputat seçilmiş, Yeni Azərbaycan Partiyasının namizədi Oqtay Əsədovun şansları daha böyük qiymətləndirilirdi. Buna baxmayaraq, namizədimiz əvvəldən sona qədər seçki mədəniyyəti nümayiş etdirdi. Rəsmi nəticələrə görə, Musayev Ceyhun Musa oğlu 14 namizəd arasında ikinci oldu.

Qalibiyyəti qazanmamaq bizi məyus etsə də, reallıqla barışmağı bacarmağı da mübarizə mədəniyyətinin tərkib hissəsi hesab edirik. 45 saylı seçki dairəsində qələbə qazanan Oqtay Əsədovu təbrik edir, ona dövlətçiliyin möhkəmlənməsi işindəki fəaliyyətində uğurlar arzulayırıq. Bizim namizəd səmimiyyəti, peşəkarlığı, jurnalist və məmur bacarığı, dövlətə sədaqəti, xalqa sevgisi, ölkə rəhbərliyinə dərin hörməti və diqqəti ilə ictimai xadimlər arasıda həmişə yaxşı mənada seçilib. O, bundan sonra da saf əqidəyə söykənərək, Azərbaycanın nüfuzunun yüksəlməsinə daha böyük səylə çalışacaq, ölkə rəhbərliyinin fəaliyyətinin şaxələnməsi və çiçəklənməsi işinə bütün varlığı ilə dəstək verəcək. Yaşasın varlı və qüdrətli Azərbaycan!”.