Ceyran və qurbanlıq quzu

ceyran-ve-qurbanliq-quzu
Oxunma sayı: 2573


Həyatını kitaba, elmə, maariflənməyə həsr edən ziyalı təbəqəmizinvə kitabın, elmin apofeozudur bu! Əgər bir məclisdə qarşı tərəf əli kitablıya uduzursa, o zaman buna iflas demək olmaz...

Orta məktəbdə oxuyarkən apardığım bir müşahidə: biri kasıb, amma savadlı, digəri varlı, amma savadsız iki sinif yoldaşım vardı. İstənilən halda varlı, kasıba uduzurdu. O, bahalı geyimlərindən danışanda kasıb sinif yoldaşım ikrahla ona gülür və qarşısındakı adamı öz savadı ilə tərksilah edirdi... Müəllimlərin pullu şagirdi ön sırada oturtmasına və ona xoş sözlər deməsinə baxmayaraq biz savada dəyər verirdik... Bu cür sosial ədalətsiliklə tanış olanda hələ yaşımız az idi.  Buna baxmayaraq merkantil adamları susdura biləcək yeganə vasitənin məhz kitab olduğunu dərk etdik.

Bəs, bu nə sirdi ki, bütün dövrlərdə kitab oxuyanların və yazanların güzəranı həmişə acınacaqlı olub? Gözlərimizi döyənək edən bir söz var: ilahi ədalətsizlik. Bəlkə elə bu, odu?

“Səfillər”də cənab Mabefin dolanışıq üzündən öz qiymətli kitablarını satması yadınızdadı? Böyük Hüqo Mabef baba haqda yazırdı: “Bütün müasirləri kimi onun da “ist”lə qurtaran bir damğası vardı. O zaman heç kəs bunsuz dolanmazdı. Lakin cənab Mabef nə royalist, nə bonapartist, nə xartist, nə orleanist, nə də anarxist idi, - o, bukinist idi.”

Kitabla daş-qaşın üz-üzə gəldiyi, ikincinin necə məğlub olması haqda “Köpəyoğlunun təhsili” adlı yazı yazmışdım...Savadlı, mütaliəli adamların mübahisəsi maraqlı polemikaya çevrildiyi halda, başıboş cibidoluların mübahisəsi traybalizm fəlsəfəsinə bənzəyir.     

Oxudum ki, bir müğənni xanım beş min manata ceyran alıb. Eşitdim ki, bir professor nəvəsinə qurban dediyi quzunu alıb kəsmək üçün 100 manat tapa bilimir. Şərhə ehtiyac yoxdu. Çəlləkdə yaşayan Diogeni xatırladım:  

“Diogendən soruşurlar:

- Səncə, nəyə görə insanlar əlillərə və dilənçilərə sədəqə verirlər, lakin imkansız filosoflara və müdrik adamlara yardım əlini uzatmırlar?

Filosof cavab verir:

- Çünki bilirlər ki, istənilən an əlil və ya dilənçi ola bilərlər, lakin heç vaxt filosof ola bilməyəcəklər.”

Əlil və dilənçiliyin masştabını genişləndirə bilərsiz. İnsan həm də istedad, savad, mənəviyyat, insanlıq, ağıl sarıdan əlil ola bilər...