“Qızıl Qlobus”un bu ilki qalibləri arasında mənim favoritlərimdən demək olar ki, heç birinin adı çıxmadı. Təəssüf. Seçimlərə hörmətlə yanaşmaq lazımdır. Amma bir-iki şeyi demədən keçə bilməyəcəm.
Birincisi, “Şarli Ebdo” kampaniyasının gecəyə vurduğu damğa. Hollivud Forin Press (Hollywood Forign Press) mükafatlandırma mərasiminə bununla başladı. Corc Kluni bütün aktyorların adından “Hamımız Şarleyik” mesajını verdi və çıxıb getdi.
Mənə ən çox maraqlı gələn səhnə “Qırmız xalça” bölümündə müşahidə olunan bir mənzərə oldu. Deməli, “paparazzi”lərin qarşısına çıxan hər kəsin əlinə “Je Suis Charlie” (“Mən Şarleyəm”) yazılmış bir plakat verdilər və bütün ulduzlar onunla da şəkil çəkdirməli oldular. Nəticədə elə bir görünüş yarandı ki, aksiya məcburi xarakter daşıyır.
Hələ yaxasına qələm taxanlar, məlum şüarın yazıldığı etiketlər, qollarına döymə vuranlar... Bir sözlə, təşklatçılar ciddi hazırlaşmışdılar və istədikləri mesajı artıqlaması ilə verə bildilər.
Təqdimatdan çox siyasi aksiya təsiri bağışlayan mərasimdə mükafat alan aktyor və aktirsalar da müəyyən mənada kölgədə qaldılar. Amma yenə də fikirlərimi deyim.
Əvvəlcə drama janrında ən yaxşı ekran əsəri seçilən “Uşaqlıq” filmi. Ötən yazıda geniş danışmışdım. Üzərinə böyük əmək qoyulmuşdu və mükafatını da aldı.
Razılaşmadığım seçimlərin birincisi Culiana Murdur (Julianne Moore). Aktrisa alzeymer xəstəliyinə yaxalanmş bir professor qadını uğurla ifa edir. Amma məncə, bu ilin qalibi “İtkin qız” (“Gone Girl”) filmində möhəşəm “oyun” göstərən Rosamund Pikedir. Filmi izləyənlər mənə haqq qazandıracaqlar.
Drama janrında ən yaxşı aktyor kimi Eddie Redmayne seçildi. O, “Hər şey nəzəriyəysi” (“The Theory of Everything”) filmində böyük ingilis fiziki Stefen Houkinqin (Stephen Hawking) obrazını canlandırıb. (həmin bu alim öz nəzəriyyəsində Yaradanın olmadığını və her şeyin xüsusi teoriya əsasında əmələ gələ biləcəyi fikrini müdafiə edir, uzun müdətdir ALS xəstəliyindən əziyyət çəkir, hazırda 73 yaşı var və sağdır) Pis də oynamayıb. Amma məncə Steve Carell (“Foxcatcher”) və Jake Gyllenhaal (“Nightcrawler”) ondan daha layiqli çıxış ediblər.
Amy Adamsa (“Big Eyes”) verilən mükaftı layiqli sayıram. Hətta onun bu il nəhayət, “Oscar” ala bilcəyinə ümid edirəm. Çünki bu, onun 6-ci namizədliyi olacaq.
İkinci planda aktyor və aktrisa kateqoriyalarında demək olar ki, sürpriz yaşanmadı. Mən yardımçı aktyor kimi 85 yaşlı Robert Duvallın adını gözləyirdim. Ən azından yaşına görə. Amma heç də ondan geri qalmayan J.K. Simmonsa verdilər. Mahir aktyorlardandır.
Patrisia Arket (Patricia Arquette) yəqin ki, öz nominasiyasında (ikinci planda ən yaxşı aktrisa) “Oscar”ı da alacaq.
Bir də namizədlər arasında “İmitasiya oyunu” (“The Imitation Game”) var. Müasir kompüterin banisi sayılan Alan Türinqdən bəhs edir. Bu film haqqında ayrıca yazacam. Düzdür, mükafat almadı, amma çox maraqlı filmdir.
Serial kateqoriyalarından cəmi 2 nəfərin adını çəkəcəm. Kevin Spacey və Billi Bob Thoronton. Onların heç biri bu vaxta qədər “Qlobus” almamışdılar. Yaxşı təsəlli oldu.
Son xəbərlər
Son Xəbərlər