Çin dünyanı yeni fəlakətlə təhdid edir. Çinlilərin donuz ətinə sevgisi dünyanın ən nəhəng iqtisadiyyatlarından birinə və qlobal bazarlara ciddi təsir etməkdən başqa, dünyanın ekoloji sistemini də dəyişir. Çin donuzları yaxın zamanlarda dünyanın yem bitkisinin yarıdan çoxunu yeyəcək. Yem bitkilərinin əkinçiliyinin artırılması artıq Amozon cəngəlliklərinə zərər verir.
Çinin donuzçuluq tarixini sürətlə artan ölkə iqtisadiyyatının metfaforası saymaq olar. 1970-ci illərin sonlarında kənd təsərrüfatının liberallaşmasından sonra Çində donuz ətinə tələbat 7 dəfə artıb. Hazırda Çində 500 mln. baş donuz yetişdirirlər ki, bu da dünya həcminin yarısını təşkil edir. Çində əhalinin 1,5 mlrd. nəfər əhalinin olduğunu nəzərə alsaq, bu ölkədə hər 3 nəfərə 1 donuz düşdüyü məlum olur.
Maraqlıdır ki, Çin tarixində əvvəllər donuz əti uzun müddət yalnız əlamətdar bayramlarda delikates kimi yeyilib. Uzun əsrlər donuzun fəda kimi kəsilməsi (həm də yeyilməsi) müxtəlif bayram və mərasimlərin ayrılmaz hissəsi olub. Harvard Universitetinin antropoloqu Ceyms Uotson deyir ki, hətta ailə maddi baxımdan sıxıntıya düşəndə belə, donuzu ən son məqamda satarmışlar. Demək olar ki, hər bir kəndli ailəsi bir donuz saxlayırmış. Kommunist Çinində isə donuza ev təsərrüfatının qalıqlarının emal sisitemi kimi baxıblar. Donuzlar başqa heyvanların imtina etdiyi qidaları rahatlıqla qəbul edirlər. Dr.Mao hətta donuzları tərifləyərək onları “dörd ayaqlı gübrə fabriki” adlandırmışdır.
1990-cı illərə kimi Çin əhalisin əksəriyyəti tərəvəz dietində yaşayıb. Müasir Çin əhalisinin bir çoxu hələ də yoxsulluq və aclıq illərini xatırlayır. Bu gün orta statistik çinli ildə 39 kq donuz əti istifadə edir. Bu 1979-cu ilin orta statistik çinlisi ilə müqayisədə düz 5 dəfə çoxdur.
“The Economist” dərgisi xəbərdarlıq edir ki, çinlilərin donuza sevgisi yalnız bu ölkənin deyil, bütün dünyanın iqtisadi və ekoloji düzənində fəsadlar yaradır. Donuz ətinə olan təlabat Çin Kommunist partiyasını narahat edir. Çinlilər donuz ətini o qədər çox yeyirlər ki, onun qiyməti qaldırılsa, bütün ərzağın qiyməti qalxır. Dolayısı ilə, iqtisadiyyatda sabitliyi təmin etmək üçün donuz ətinin əlçatan ərzaq olması Kommunist Partiyası üçün çox vacibdir. 2007-ci ildə Çində təxminən 45 mln. baş donuz yoluxucu xəstəlikdən tələf olub. Bu hadisə donuz ətinin qiymətini ciddi bahalaşdırdı. İllik istehlak indeksi rekord vuraraq 10 illik göstəricini keçdi. Həmin zaman Çin ciddi panikaya düşdü. Hətta ərzaq növbələrində bir neçə nəfər basırığa düşərək ciddi əzilmişdi. İdxalın həcmi 2 dəfə artdı. Buna cavab olaraq hakim partiya dünyada ilk dəfə olaraq müəyyən hissəsi canlı, müəyyən hissəsi dondurulmuş halda donuz (əti) ehtiyyatı yaratdı. Londonun “Çhatham House” araşdırma mərkəzinin bilgilərinə görə, 2012-ci ildə donuzçuluğa verilən dövlət subsidiyasının həcmi 22 mlrd. ABŞ dolları ( hər baş donuza 47 dollar) təşkil edib. Bununla belə hətta Kommunist Partiyası bu sahənin bütün aspektlərinə nəzarət etmək gücündə deyil. Çünki, donuz ətinə tələbat o qədər artıb ki, onu təmin etmək üçün vəsaitləri Çinin hüdudlarından kənarda axtarmaq lazım gəlir.
Donuz ətinin Çində populyarlığı artıq dünyanın eko sistemini dəyişmək təhlükəsi yaradır, Amozon cəngəlliklərinə ziyan verir. Söhbət ondan gedir ki, hər kq donuz ətinin yetişdirilməsi üçün 6 kq-a yaxın yem, əsasən də soya və qarğıdalı tələb olunur. Çində su və torpaq qıtlığı olduğu üçün donuzu saxlamaq məqsədilə yem xaricdən idxal olunur. Yaxınlarda Çin donuzları dünyanın bitki yeminin yarısından çoxunu yeyəcək. 2010-cu ildə dünyanın soya məhsulunun 50 faizini Çin idxal edib. ABŞ-ın taxıl şurası təxmin edir ki, 2022-ci ilə “qırmızı əjdaha” 32 mln. tona kimi taxıl bitkisi idxal edəcək ki, bu da bu günün dünya taxıl ticarət dövriyyəsinin 1/3 hissəsi deməkdir.
Çin dünya yem bazarında qiymətlərin qeyri-sabitliyini yumşaltmaq, başqa ölkələrin ərazisində donuz yemi yetişdirmək üçün torpaqlar almaq haqqında qərar verib. Burada yalnız yem deyil, həm də donuz yetişdirilərək daxili bazarda ucuz qiymətə satılır. Xaricdə torpaqların alınması haqda məlumatı Çin bağlı saxlasa da, Kanadanın Beynəlxalq Davamlı İnkişaf Fondunun hesablamalarına görə inkişaf etməkdə olan ölkələrin ərazisində 5 mln hektar torpaq alıb. Başqa təşkilatlar isə bu ərazilərin 5mln. hektardan da çox olduğu deyir. Çində donuz ətinə olan təlabatın artdığını nəzərə alsaq, gələcəkdə Çinin donuz imperiyasının artacağı şübhəsizdir. /pra.az/