Çin epidemiya dövründə qurduğu izləmə sistemini davam etdirir

cin-epidemiya-dovrunde-qurdugu-izleme-sistemini-davam-etdirir
Oxunma sayı: 2276

Çin höküməti Uhan şəhərində koronavirus epidemiyasının dayandırılmasına baxmayaraq pandemiya dönəmində qurduğu insanların “onlayn və fiziki” izlənməsi sistemini hələ də davam etdirir.

“Qafqazinfo” “South China Morning Post” nəşrinə istinadən xəbər verir ki, Çinin Uhan şəhərində meydana çıxan koronavirus epidemiyası şəhərdə “onlayn və fiziki izləmə sistemi" kimi sərt tədbirlərin tətbiq olunmasına zərurət yaradıb.

Epidemiyaya nəzarət məqsədilə Uhan şəhərinin sakinlərinin şəbəkədaxili izlənməsini təmin edən sistem “WeChat” tətbiqetməsi vasitəsilə həyata keçirilib.

Bununla yanaşı şəhər sakinlərinin həm də ev-ev, küçə-küçə izlənməsi üçün 44 500 dövlət işçisi cəlb olunub.

Qəzetə müsahibə verən 75 yaşlı sakin Çyan Honq epidemiya zamanı görülən tədbirlər haqqında danışıb: “Son üç ay sanki Mao Tszedun dövrünə bənzəyirdi. Həqiqətən 1960-cı illərdə insanların bir yerdə yaşadığı kommuna təəssüratı yaranmışdı. Seçimləriniz çox deyildi”.

Həmçinin fiziki və onlayn izləmə ilə yanaşı Çində yaşayan insanların hər addımını izləmək üçün ölkə üzrə təxminən 200 milyon kamera ilə monitorinq aparıldığı qeyd olunub.