Çin Marsa enən üçüncü ölkə oldu

cin-marsa-enen-ucuncu-olke-oldu
Oxunma sayı: 4656

Çinə məxsus ilk Mars tədqiqat vasitəsi olan "Tyanven 1"i uğurla qırmızı planetə eniş edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Sinxua" xəbər agentliyi Çin Milli Kosmik İdarəsinə istinadən məlumat verib.

""Tyanven-1" 15 mayda Çinin ilk Mars kəşfiyyat missiyası çərçivəsində uğurla planetin cənub Utopiya düzənliyində yerləşən əvvəlcədən seçilmiş bir əraziyə eniş edib"-, deyə açıqlamada deyilir. 

Kosmik gəmi ilə birlikdə Çinin marsa göndərdiyi "Çjujun" özüyeriyən tədqiqat vasitəsi də planetin səthinə çıxıb. Onun önümüzdəki 3 ay ərzində Mars səthinin tədqiqatı ilə məşğul olacağı bildirilir. Özüyeriyənin vəzifələrinə planetin torpağını və süxurlarını öyrənmək, radardan istifadə edərək səth altında su və buz izlərini axtarmaq daxildir. Bundan əlavə, gələcəkdə səthdə toplanan nümunələrin Yerə göndərilməsi ilə bağlı texnologiyalar da inkişaf etdiriləcək.

Sözügedən müddətdən sonra avadanlığın texniki vəziyyəti imkan verərsə, missiya uzadıla bilər. Orbital modul isə üç illik istismar üçün nəzərdə tutulub və missiya müddətində elmi məlumatları Yerə ötürmək vasitəçi rolunu oynayacaq.

"Tyanven 1" Mars orbitinə 2021-ci ilin fevralında çatsa da son üç ay ərzində uyğun eniş nöqtəsi tapmaq üçün planetin fotolarını çəkib.

Qeyd edək ki, daha əvvəl SSRİ və ABŞ Marsın səthinə hava gəmilərini endirməyi bacarıb.