Çin Neft Universitetinin rektoru professor Çen Fengin rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Çin Neft Universiteti ilə BANM arasında əməkdaşlığa toxunaraq bildirib ki, 2018-ci ildən etibarən həyata keçirilən bu əməkdaşlıq çox uğurludur və böyük perspektivləri var. Rektor xatırladıb ki, BANM-in tələbələri Çin Neft Universitetinin təşkil etdiyi beynəlxalq yarışlarda uğurları ilə fərqlənib, mükafatlara layiq görülüb, həmçinin BANM-in 5 məzunu Çin Neft Universitetinin müxtəlif ixtisaslarında magistratura səviyyəsində təhsil alıb. Elmar Qasımov BANM ilə Çin şirkətləri və universitetləri arasındakı əməkdaşlıqdan da bəhs edərək qeyd edib ki, Çinin aparıcı İT şirkəti olan “Huawei” ilə BANM arasında uğurlu əməkdaşlıq mövcuddur.
Çen Feng BANM-də yaradılan şəraiti yüksək qiymətləndirərək əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından danışıb. Bildirib ki, pandemiya bitəndən sonra ilk xarici səfərini məhz Azərbaycana, Bakı Ali Neft Məktəbinə edib. O, BANM-in gələcəyinin parlaq olduğuna əminliyini bildirib.
Daha sonra görüş geniş tərkibdə davam etdirilib. Çin Neft Universiteti ilə bağlı təqdimat olub. Qeyd edilib ki, bu universitetdə də tədris istehsalatla sıx əlaqədə həyata keçirilir.
Çen Feng bəyan edib ki, 1953-cü ildə yaradılan Çinin ilk Neft Universitetinin bu il 70 yaşı tamam olur. O, bu münasibətlə Pekində keçiriləcək yubiley tədbirinə Elmar Qasımovu da dəvət edib. BANM-in rektoru isə bu dəvəti böyük məmnuniyyətlə qəbul edib.
Sonda Çen Fengə BANM-in “Fəxri qonaq“ plaketi təqdim olunub.


Son xəbərlər
Son Xəbərlər