Çin növbəti kosmonavt qrupunu orbitə göndərib

cin-novbeti-kosmonavt-qrupunu-orbite-gonderib
Oxunma sayı: 842

Çinin kosmik stansiyasının quraşdırılması üçün növbəti missiya olan “Şencou-14”ə (“Shenzhou-14”) start verilib.

“Qafqazinfo” xəbər verir ki, kosmik gəmini orbitə aparan “Böyük yürüş-2F” (Long March-2F) raketdaşıyıcısının buraxılışı yerli vaxtla iyunun 5-də saat 10:44-də Qobi səhrasındakı Ciuçüən kosmodromunda baş tutub. “Şencou-14” gəmisində kosmonavtlar Çen Don (heyətin komandiri), Lyu Yan və Çay Suce orbitə göndərilib.

“Şencou-14” kosmik stansiya ilə birləşəndən sonra kosmonavtlar stansiyaya keçəcəklər. Onlar kosmik stansiyada kosmonavtların fəaliyyəti və yaşaması, habelə stansiya xaricində əməliyyatların təşkili üçün texniki xidmətlərin yoxlanılması kimi bir çox vəzifələri yerinə yetirəcəklər. Kosmonavtların açıq kosmosda bir neçə əməliyyat icra edəcəkləri planlaşdırılıb.

Qeyd edək ki, bu, Çinin orbitə göndərdiyi 9-cu, ölkənin kosmik stansiyasının quraşdırılması üçün isə 3-cü insan missiyasıdır. Kosmonavtların “Şencou-13” missiyasındakı həmkarları kimi kosmosda təxminən 6 ay qalması nəzərdə tutulur.