Çin şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb

Çin şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb
Oxunma sayı: 777

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev “SINOMACH Group”un marketinq direktoru, “China CAMC Engineering” şirkətinin prezidenti Luo Yanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, görüşdə İqtisadiyyat naziri Şahin Mustafayev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun Azərbaycana səfərinin mühüm əhəmiyyətini, Azərbaycan-Çin əlaqələrinin davamlı inkişafını diqqətə çatdırıb. Şahin Mustafayev Azərbaycan və Çin dövlət başçıları arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin ölkələrimiz arasında fəal dialoqun əsasını təşkil etdiyini və ikitərəfli əməkdaşlığın genişləndirilməsində mühüm rolunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına səfərləri, bu ilin aprelində Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakı, Çin Xalq Respublikasının Sədri cənab Si Cinpinlə görüşü və Forum çərçivəsində imzalanan sənədlər əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Çinlə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika və s. sahələrdə uğurlu əməkdaşlıq edir. Ölkəmizdə 119 Çin kapitallı şirkət fəaliyyət göstərir. Bu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi 2,3 dəfə artaraq 1,4 mlrd. ABŞ dollarından çox olub. Qarşılıqlı investisiya əlaqələrimiz genişlənir. Çindən Azərbaycan iqtisadiyyatına 800 mln. ABŞ dollarından çox, Azərbaycandan isə Çinə 1,7 mlrd. dollar sərmayə yatırılıb.

Sənaye sahəsində əlaqələrdən danışan nazir Şahin Mustafayev “China CAMC Engineering” şirkəti ilə Azərbaycan şirkətləri arasında bu gün imzalanan sənədlərin də uğurlu əməkdaşlığın nəticəsi olduğunu vurğulayıb, bu sənədlərin böyük həcmli investisiya qoyulması, minlərlə yeni iş yerinin yaradılmasına imkan yaratdığını qeyd edib.

Görüş çərçivəsində qarşılıqlı investisiyaları cəlb etməklə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, kənd təsərrüfatı təyinatlı maşın və avadanlıqların istehsalı, logistika və digər xidmət sahələri üzrə Aqrar-Sənaye Parkının yaradılması barədə "Azərbaycan İnvestisiya Şirkəti" ASC ilə “China CAMC Engineering” şirkəti arasında Anlaşma Memorandumu, Azərbaycanın "AS İnvestment" şirkəti və “China CAMC Engineering” şirkəti arasında mühəndislik, inşaat və təchizat müqaviləsi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə “China CAMC Engineering” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi