Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb

cinde-asiya-afrika-genc-sahibkarlar-forumu-ise-baslayib
Oxunma sayı: 685

Çinin paytaxtında Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Ümumçin Gənclər Federasiyasının birgə təşkilatçılığı ilə Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Forum dünyanın 69 ölkəsindən 500-ə yaxın gəncin iştirak etdiyi Asiya-Afrika gənclər festivalı çərçivəsində həyata keçirilir. Tədbirdə tarixi İpək yolunun əhatə etdiyi ölkələrdən gənc sahibkarlar, inkubator yaradıcıları, startapçılar və dövlət qurumları nümayəndələri iştirak edirlər. Layihənin əsas məqsədi gənc sahibkarlara və startapçılara bizneslərinin inkişafı üçün dəstək olmaq, onların davamlı ünsiyyəti və innovativ ideyaları həyata keçirmələrinə töhfə vermək, təcrübə mübadiləsi üçün vahid platforma yaratmaq, həmçinin gənclərə öz bizneslərini inkişaf etdirmək üçün bir sıra imkanlar təklif etməkdir.

Açılış mərasimində çıxış edən Kommunist Gənclər Birliyinin Mərkəzi Komitəsinin rəhbəri Xı Cunkı bildirib ki, Asiya-Afrika Gənc Sahibkarlar Forumu sülh və inkişaf üçün mühüm rol oynayır. Bu layihə gənclər üçün əməkdaşlıq və tərəfdaşlıq imkanları yaradır.

Festival çərçivəsində Çinin Xarici İşlər Nazirliyi, Kommunist Gənclər Birliyinin Mərkəzi Komitəsi, Pekin Universiteti, Pekin Beynəlxalq Gənclər Universiteti, Çin Gənclərinin İnkişaf Fondu, Pekin Könüllük Xidməti Mərkəzi, Pekin Gənclər Mərkəzi, müxtəlif qlobal şirkətlər və sahibkarlıq fəaliyyətinin təşviqi üzrə konsultasiya mərkəzlərində görüşlər keçirilməsi də nəzərdə tutulub.

Forumun hər il keçirilməsi və gənc sahibkarlar şəbəkəsinin yaradılması əsas hədəflərdəndir.