Çində Azərbaycan pavilyonu açıldı - Fotolar

cinde-azerbaycan-pavilyonu-acildi
Oxunma sayı: 1610

Çin Xalq Respublikasının Benbu şəhərindəki “Qədim məskənlər” mədəniyyət parkında Heydər Əliyev Fondu tərəfindən yaradılan “Azərbaycan mədəniyyətinə pəncərə” adlı pavilyon fəaliyyətə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, parkda məhdud sayda xarici milli pavilyonlardan birinci fəaliyyətə başlayanı məhz Azərbaycan pavilyonudur.

Pavilyonda Azərbaycan müxtəlif xalçaçılıq məktəblərini təmsil edən xalça və kilimlər, misgərlik, dekorativ yaradıcılıq və şəbəkə sənəti nümunələri, bəzək əşyaları, milli geyimlərimiz, musiqi alətləri, habelə Fondun Azərbaycan mədəniyyətinə, tarixinə, ölkəmizin müasir inkişafına dair nəşrləri, milli suvenirlər nümayiş olunur.

Bundan başqa, Azərbaycanın dahi şari və mütəfəkkiri Nizami Gəncəvinin büstü, “Xarıbülbül”, “Qız qalası” və “Ceyranlar”  silsiləsindən heykəltəraşlıq əsərləri, Qobustan qaya rəsmlərininin imitasiyası da nümayiş olunan eksponalar arasındadır.

“I love Baku” stendində isə ziyarətçilərə Azərbaycana aid müxtəlif suvenirlər təqdim edilir. Pavilyonda quraşdırılmış monitorlarda isə Azərbaycan mədəniyyətinə, ölkəmizin tarixi və müasir memarlığına, Azərbaycanda keçirilən nüfuzlu tədbirlərə aid videoçarxlar nümayiş olunur.

Əldə olunmuş razılığa əsasən Azərbaycan pavilyonu  uzunmüddətli əsasda fəaliyyət göstərəcək və Çinin ən iri turizm layihələrindən olan “Qədim məskənlər” mədəniyyət parkını hər il ziyarət edəcək milyonlarla qonaq Azərbaycan mədəniyyəti haqqında məlumat əldə edə biləcək.

Oktyabrın 11-də Çin Xalq Nümayəndələr Yığıncağı Daimi Komitəsinin (parlament) sədr müavini, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Van Çen, Anhuy vilayətinin və Benbu şəhərinin rəhbər şəxləri, Çindəki diplomatik korpusun təmsilçiləri “Qədim məskənlər” pakında açılan Azərbaycan pavilyonunda olub.

Qeyd edək ki, Benbu şəhərindəki Lonci gölünün ətrafında salınmış “Qədim məskənlər” mədəniyyət parkı 333 hektar sahəni əhatə edən iri mədəniyyət layihəsidir. Ərazidə Çin tarixində və mədəniyyətində xüsusi yeri olan məbədlərin oxşarı da daxil olmaqla ənənəvi Çin memarlığı üslubunda 450 bina inşa edilib. Parkın ərazisində təxminən 10 min nadir ağac növləri əkilib. Anhuy vilayəti və Benbu şəhər hökumətinin dəstəklədiyi “Qədim məskənlər” parkı tarixi, mədəni və ekoloji muzey rolunu oynayır. Parkdakı pavilyonlarda Çin mədəniyyətinə, ölkənin müxtəlif bölgələrinə, Çinin tarixi şəxsiyyətlərinə və tanınmış incəsənət adamlarına həsr olunan pavilyonlarla yanaşı, müxtəlif xalqların mədəniyyəti də təqdim olunacaq.