Səhiyyə Nazirliyi yeni növ koronavirusdan qorunmaqla bağlı səsləndirilən bir çox iddialara aydınlıq gətirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat qurumun İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən hazırlanmış maarifləndirici materiallarda öz əksini tapıb. Belə ki, sual-cavab formasında hazırlanmış vərəqələrdə aşağıdakı iddialara aydınlıq gətirilib:
- Elektrik əl qurutma cihazları koronavirusu məhv edə bilirmi?
- Xeyr, çünki bu cihazlar virusu öldürmür. İnfeksiyanın qarşısını almaq üçün əlləri spirt tərkibli antiseptiklə mütəmadi olaraq təmizləməli və ya sabunla yumaq lazımdır.
- Burunun duzlu məhlulla yuyulması koronavirusa yoluxmaqdan qoruya bilər?
- Xeyr, bu vasitənin heç bir elmi sübutu yoxdur. Bəzi məlumatlara görə, burunun duzlu su ilə yuyulması ümumi soyuqdəymədən sağalmanı sürətləndirir.
- Antibiotiklər koronavirus infeksiyasının qarşısını almaqda və ya müalicəsində təsirlidir?
- Xeyr, antibiotiklər viruslara təsir etmir. Onlar yalnız bakterial infeksiaları müalicə etməyə imkan verir.
- Çindən məktub və ya bağlama almaq təhlükəsizdir?
- Bəli, bu vasitə ilə virusa yoluxmaq riskiniz yoxdur. Tədqiqatlar koronavirusların zərflər və ya poçt bağlamaları kimi əşyaların üzərində uzun müddət yaşamadığını göstərdi.
- Bədən səthinə xlor və ya spirt püskürtməklə koronavirusu məhv etmək olarmı?
- Xeyr, bədənə xlor və ya spirt püskürtmək artıq orqanizmə daxil olmuş virusları öldürməyəcək.
Qeyd edək ki, virusdan qorunmaq üçün vacib tövsiyələrin əks olunduğu bu vərəqələr marketdən alış-veriş edən müştərilərə paylanılıb.
Son xəbərlər
Son Xəbərlər