“Cinemazadeh” Müşviq Şahverdiyevin ittihamlarına cavab verdi

cinemazadeh-musviq-sahverdiyevin-ittihamlarina-cavab-verdi
Oxunma sayı: 5315

Xəbər verdiyimiz kimi, tanınmış film istehsalçısı “Cinemazadeh” aktyor Müşviq Şahverdiyevi məhkəməyə verib. Tərəflər arasında müqavilə öhdəlikləri ilə bağlı problem yaşanıb.

Aktyor isə bir neçə gün öncə musavat.com-a açıqlamasında onu məhkəməyə verən “Cinemazadeh” şirkəti haqqında danışıb və adıçəkilən şirkətin rəhbəri Cəfər Axundzadəni psixi problemləri olan, narkotik istifadəçisi adlandırmışdı.

“Qafqazinfo” xəbər verir ki, “Cinemazadeh” məsələ ilə bağlı açıqlama yayıb.

Şirkətin yaydığı açıqlamada bildirilir ki, Müşviq Şahverdiyevin “Cinemazadeh” tərəfindən məhkəməyə verilməsi ilə bağlı xəbər doğrudur:

“Şirkət aktyorla bağladığı müqaviləyə əsasən, onun bu müqavilənin öhdəliklərini yerinə yetirmədiyinə görə, özünü də xəbərdar etməklə məhkəməyə verib. Aktyor şirkətin müqaviləyə əsaslanan tələbləri və şəxsi, məhkəmədənkənar danışıqları ilə razılaşmadığına görə, mediasiya xidmətinin mübahisəni araşdırma və barışıq təklifini rədd etməsindən sonra “Cinemazadeh” şirkəti bu addımı atmağa məcbur olub.

M.Şahverdiyevin ittiham olunan tərəf kimi reaksiyası təbiidir və işlətdiyi şər, böhtan xarakterli sözlərin, təhqirlərin məhkəmədə özünə qarşı istifadə olunacağı məlumdur. Belə bir iftira dolu xəbəri yayımlanması böyük təəssüf hissi doğurur. Buna görə “Cinemazadeh” şirkəti və onun rəhbəri Cəfər Axundzadədən üzr istənilməli və xəbər təkzib etməlidirlər, əks halda müvafiq olaraq AR CM-nin 147 və 148-ci maddələrilə məhkəmə qarşısında cavab verməli olacaqlar”.

Qeyd edək ki, məhkəmə iddiasına Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılır.

Əlavə edək ki, M.Şahverdiyev daha əvvəl “Cinemzadeh”in “Ofis işi”, “Kəklikotu” kimi layihələrində yer alıb.