Çingiz Abdullayevdən “Qarabağ” - “Neftçi” oyununa - Şərh

cingiz-abdullayevden-qarabag-neftci-oyununa-
Oxunma sayı: 2211

"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Azərbaycan Kubokunun finalında "Qarabağ"a məğlubiyyəti şərh edib.

Qafqazinfo” xəbər verir ki, o, 0:1 hesabıyla bitən matçdan sonra bunları söyləyib:

- Ümumilikdə, yaxşı oyun oldu. Xatırlayırsınızsa, keçən il belə oyun olmamışdı. Keçən il bizdə nə qədər əcnəbi oyunçular olub. Budəfəkilər isə cavan idi, azərbaycanlı idi. Düzdü, əcnəbilər də vardı, amma əksəriyyət azərbaycanlı uşaqlar idi və bununla fəxr edirik. Bu bir ildə yavaş-yavaş bu komandanı qura bildik. İnanırıq ki, uğurlarımız hələ qabaqdadı.

- Hakimlikdən razı qaldınız?

- Dəfələrlə demişəm, indi də xüsusi olaraq, vurğulayıram: Azərbaycanda oyundan sonra hakimliyi müzakirəyə çıxarmaq, onun idarəçiliyinə qiymət vermək düz deyil. Xüsusi inspektorlar, insanlar var. Onlar gəlib, baxırlar və sözlərini deyirlər. Komanda uduzubsa, yaxud udubsa, kiminsə gəlib, hakimi tənqid etməsi və ya tərifləməsi qətiyyən düzgün deyil.

- Bütünlüklə müdafiəyə çəkilən “Neftçi”dən nə yaza bilərik ki?

- Yaza bilərsiniz ki, baxmayaraq “Neftçi” çempionatı 6-cı yerdə bitirdi, amma çox güclü “Qarabağ”la bərabər səviyyədə oynadı. Gördünüz ki, 120 dəqiqə heç-heçə idi, son dəqiqələrdə hesab açıldı.

- Avrokuboklara vəsiqə qazanmağı “Neftçi” üçün uğur saymaq olar?

- Məqsədimiz belə idi ki, ya medal götürək, ya kubokda finala çıxaq. Təbii ki, avrokuboklara getmək də əsas hədəfimiz idi. Bu baxımdan deyə bilərik ki, məqsədimizə çatmışıq. Amma hesab edirəm ki, təbii olaraq, bu il nöqsanlarımız çox idi. Çoxlu dəyişiklər var idi. Ona görə də, ayın 28-də Müşahidə Şurasının iclasında bu məsələlərə baxacağıq.

- CAS “İnter”lə bağlı müsbət qərar versə, “Neftçi” Avroliqadan kənar qala bilər...

- Deyilənə görə, onların məsələsinə iyulda baxılacaq. Bunu da bilirik ki, həmin vaxta qədər artıq birinci təsnifat mərhələsinin oyunları keçiriləcək. Belə olan halda nəyinsə dəyişməsi inandırıcı görünmür. Amma “İnter”ə uğurlar arzu edirəm.

- Gələn il klubun 80 illiyidi və bununla bağlı komissiya yaradılıb. Komissiya fəaliyətə nə vaxt və nədən başlayacaq?

- 80 illik başlayır... Biz təzə bazanı qurtarırıq. İnandırım sizi, hələ Azərbaycanda belə baza yoxdu. Oranı hələ tikib qurtarmamışıq, amma ingilislər və s. gəlib, orada məşq edirlər. Ona görə də hesab edirəm ki, yaxşı hazırlıq görmüşük. Amma istəyirik ki, birinci növbədə əsas komandanın uğurları olsun. İstəyəcəyik ki, gələn il uğurlarımız daha çox olsun. Dünyada elə çempionat, kubok yoxdu ki, orada finala çıxan komanda uğursuz hesab olunsun. Hər yerdə yazılıb ki, bu komanda finala çıxıb. “Neftçi” Azərbaycanda yeganə komandadı ki, 5 il ard-arda finala çıxıb. İnanıram ki, 6-cı daha uğurlu olar.