Çingiz Mustafayevin radiosunu Mirşahin almaq istəyir - Yenilənib

cingiz-mustafayevin-radiosunu-mirsahin-almaq-isteyir
Oxunma sayı: 6038

Xəbər verdiyimiz kimi, Milli Yayım Şurası milli reportyor məktəbinin qurucularından biri olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə bağlı radio-tezliklərin satılması üçün tender elan etmək barədə qərar qəbul edib. Əfsanəvi ANS-ÇM 102 FM bir vaxtlar ölkədə ən populyar radiostansiya idi. Radio-tezliklərin satılması ilə bağlı tender barədə məlumat ölkə ictimaiyyətində ciddi narahatlığa səbəb olub. 

“Qafqazinfo”nun xəbərinə görə, “Virtualaz.org”a məlum olub ki, tenderdə iştirak etmək və sonradan öz radiolarını açmaqdan ötrü iki qurum - APA media holdinqi və Real TV müraciət edib.

Həmçinin məlum olub ki, Milli Qəhrəmanın qardaşı Seyfulla Mustafayev radio-tezliklərin satışı üzrə tenderdə sonradan iştirak üçün “İNS ÇM” MMC təsis edib.

***

"APA Media Group"un rəhbəri Vüsalə Mahirqızı sosial şəbəkədə açıqlama yayaraq Milli Televiziya və Radio Şurasına radio tezliklə bağlı heç bir müraciət etmədiklərini bildirib. 

***

MTRŞ Aparatının rəhbəri Asəf Hacıyev Modern.az-a  bildirib ki, elan olunmuş müsabiqə dekabrın 12-də bitəcək

"Sənəd qəbulu üçün hələ 2 gün də vaxt var. Müsabiqənin şərtlərinə görə, hansı şirkət qalib gələrsə, radio tezliyinin lisenziyası  ona veriləcək”.

A.Hacıyev müsabiqəyə müraciət edən şirkətləri də açıqlayıb:

“Seyfulla Mustafayev və Vahid Mustafayevin şirkətləri ayrı-ayrılıqda müraciət ediblər. Vahid Mustafayevin “Balans Studiyası”, Seyfulla Mustafayevin “İNS ÇM” MMC, Mirşahin Ağayevin Real Təhlil İnformasiya Mərkəzi” MMC şirkətləri və “TV Media Azərbaycan” adlı digər bir şirkət hazırda müsabiqə üçün müraciət edənlər sırasındadırlar. Amma  qeyd etdiyim kimi, müsabiqənin bitməsinə hələ iki gün vaxt var. Müraciət edənlərin siyahısı arta bilər”.