Çinin ABŞ-dakı səfirliyinin Tvitteri bağlandı

Çinin ABŞ-dakı səfirliyinin Tvitteri bağlandı
Oxunma sayı: 451

Çinin ABŞ-dakı səfirliyinin Tvitter səhifəsi uyğur türklərinə qarşı yürüdülən siyasəti müdafiə edən paylaşımlar səbəbindən bağlanıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Tvitter tərəfindən verilən açıqlamada hesabın bloklanmasına səbəb kimi  "@ChineseEmbinUS" istifadəçi adı ilə 7 yanvarda edilən paylaşımlar göstərilib. Sözügedən paylaşımda “Ekstremizmin ləğvi prosesində etnik azlıqlara mənsub qadınlar azad edildi. Cinsi bərabərlik və reproduktiv sağlamlıq inkişaf etdirildiyi üçün uyğur qadınlar artıq körpə istehsal edən maşınlar deyil” yazılıb.

Bu status Tvitter tərəfindən dərhal silinib və şirkət tərəfindən belə açıqlama verilib: “Redaksiya siyasətimizi pozduğuna görə və bu cür ifadələrə yol verildiyi üçün hərəkətə keçdik. Din, kasta, yaş, əlillik, ciddi xəstəlik, milli mənsubiyyət, irq və ya etnik mənşə səbəbindən insanların ayrı-seçkiliyə məruz qalmasını qadağan etmişik”.