“COP prosesində bütün əsas qərarlar yekdilliklə qəbul edilməlidir. Yekdillik şərti olmayan, lakin iqlim sahəsində bizi irəliyə aparacaq təkliflər də müzakirə ediləcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Anadolu” agentliyinə müsahibəsində energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov deyib.
Onun sözlərinə görə, Azərbaycan bu xüsusda 14 təklif irəli sürüb:
“Bu təkliflərin həyata keçirilməsi üçün yekdillik tələb olunmur. Bunları bəzi ölkələr və yaxud da şirkətlərlə həyata keçirə bilərik. Azərbaycanın təklifi ilə müzakirə ediləcək məsələlər içərisində iqlim maliyyələşməsi, energetika, kənd təsərrüfatı, su qaynaqları, turizm, rəqəmsallaşma, yaşıl şəhərlər və insan resurslarına dair mövzular var. İqlim və sülh arasında qarşılıqlı əlaqə də Azərbaycanın təkliflərinə daxildir. COP29-da olimpiadalarda olduğu kimi bütün dünyada atəşkəsə çağırış edəcəyik”.