İyunun 27-də Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə Bakı bulvarında baş tutan Məlumat Mərkəzinin açılışı olub.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarov, eləcə də ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen iştirak ediblər.
İnnovativ yanaşması ilə seçilən Mərkəzin məqsədi gündəlik dayanıqlı davranışları və həyat tərzini fəal şəkildə təşviq etməkdir.
Bununla yanaşı, növbəti aylarda həftəsonları Məlumat Mərkəzində müxtəlif idman, incəsənət və maarifləndirmə tədbirləri, həmçinin digər fəaliyyətlər təşkil ediləcək.
Mərkəz həftənin yeddi günü saat 13:00-dan 22:00-dək ziyarətçilər üçün açıqdır.