İstanbulda yaşayan leykoz xəstəsi Müzəffər Kayasan 2020-ci ildə koronavirusa yoluxub. O vaxtdan bəri 14 ay ərzində verdiyi 78 testin hamısı pozitiv çıxıb. Bir ildən çoxdur karantində olan 56 yaşlı Kayasan səlahiyyətlilərdən kömək istəyir.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Sarıyer rayonunda yaşayan Kayasan ilk dəfə 2020-ci ilin noyabrında koronavirusa yoluxub. Xəstəxanada müalicə aldıqdan sonra evə buraxılan Kayasanın testləri həmin vaxtdan neqativ nəticə göstərmir. 14 ay ərzində 78 dəfə test verən 56 yaşlı şəxs hər dəfə pozitiv nəticə səbəbindən evdə təkbaşına yaşamaq məcburiyyətində qalıb. Nəvələrini görə bilməyən Müzəffər Kayasan səlahiyyətlilərdən kömək istəyib.

“Üç il əvvəl uğurlu sümük iliyi transplantasiyası əməliyyatı keçirdim. Amma sonra Covid-19-a tutuldum. 2020-ci ildən Covid-19 ilə yaşayıram. Bu 14 aylıq müddətdə 78 test vermişəm, hamısı fasiləsiz olaraq müsbət çıxdı. Alimlərimizə və həkimlərimizə bununla bağlı sual verəndə leykoz xəstəsi olduğum üçün immun sistemimin aşağı olduğunu dedilər və mənə verdikləri dərmanlarla 14 ay məni yaşatdılar. Xəstəxanada olanlar üçün də, bizim üçün də çətin prosesdir. 14 aydır karantindəyəm”, - deyə İstanbul sakini bildirib.
Onun sözlərinə görə, indiyədək təmasda olduğu heç kimdə koronavirus aşkarlanmayıb:
“İndiyə kimi həyat yoldaşım 10 gün yanımda qaldı, amma testi mənfi çıxdı. O, iki dəfə test Verdi və hər ikisi neqativ oldu. Oğlum yanımda qaldı, onda da mənfi oldu. “Görəsən, daşıyıcıyam” deyə düşündüm, amma evdə heç kimə yoluxdurmadım. Mən heç kimə yoluxdurmuram, amma çöldən pişik keçsə, mənə virus yoluxa bilər. Alimlərin dedikləri budur: Covid-19 qalıqları hələ də bədənimdədir. Onun heç bir simptomu yoxdur, lakin Covid-19 olduğu görünür”.

Koronavirusla bərabər yaşadığını deyən Müzəffər Kayasan yeganə probleminin yaxınları ilə təmas qura bilməmək olduğunu bildirib.
“Sosial həyatım, ailə həyatım deyə bir şey yoxdur” deyən Kayasan nəvəsi ilə də görüntülü əlaqə saxlaya bilir.
Müzəffər Kayasan hər kəsi peyvənd olunmağa çağırıb:
“Fürsətim olsa, bu gün peyvənd olunaram. Amma sistem məni qəbul etmir. Yaşamaq istəyən peyvənd olunsun”.


Son xəbərlər
Son Xəbərlər