“Çox istərdim ki, ölkəmiz beynəlxalq sərgilərin birinə ev sahibliyi etsin” - Hikmət Rüstəmov

cox-isterdim-ki-olkemiz-beynelxalq-sergilerin-birine-ev-sahibliyi-etsin
Oxunma sayı: 1189

Qiymətli daşlar üzrə mütəxəssis, zərgər Hikmət Rüstəmov müsahibə verib.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Bu sahədə neçə ildir fəaliyyət göstərirsiniz?

- Bu sahədə fəaliyyətimə 14 il öncə başlamışam. Zərgər kimi başlamışdım, amma müəyyən müddətdən sonra qiymətli daşlar dünyası diqqətimi çəkdiyi üçün yaradıcılığım və marağım məni bu istiqamətdə ixtisaslaşmağa məcbur etdi.

- Düzü, ölkəmizdə qiymətli daşlar sahəsi ilə bağlı hər kəsin məlumatlı olduğunu deyə bilmərik. Bu sahədə necə ixtisaslaşa bilmisiz, maraqlıdır…

- Əslində, məni bu istiqamətə itələyən də elə bu səbəblər idi. Dediyiniz kimi, çox az insan bu sahə ilə maraqlanırdı. Bununla yanaşı ölkəmizdə bu sahədə formalaşmış institut və ya sırf belə qiymətli daşlara dair araşdırmaların aparıldığı mərkəz yox idi. Ona görə də öyrənməyə qərar verən kimi xarici ölkələrə üz tutmalı oldum. Qatıldığım təlimlər, seminarlar mənə göstərdi ki, əslində, Azərbaycanda bu sahənin inkişafına çox ehtiyac var. Məsələn, mayın əvvəlində İsveçrədə keçirilən nüfuzlu “GemGeneva” sərgisində iştirak etdim. Zərgərlərin öz yaradıcıqlarını necə nümayiş etdirdiyini və qiymətli daşlarla orjinal dizaynların necə qürurla sərgilədiyini gördüm. Doğrudur, xaricdə olduğu kimi buna birdən-birə elm və yaradıcılıq sahəsi kimi yanaşılmasını təmin edə bilmərik, amma ən azından yerli sektorda olan zərgərlərdə bu düşüncəni formalaşdırmaqla nələrisə dəyişməyə başlaya bilərik.

- Sual yaranır ki, belə olduqda sektorda nə dəyişəcək?

- Düşünürəm ki, sektora olan ümumi yanaşma dəyişəcək. Bu gün müştəri zərgərin yanına gələndə hansısa məşhur xarici bir brendə məxsus dizaynı göstərib eynisini hazırladır. Mən isə xarici sərgilərdə olan zaman gözüm Azərbaycan brendi axtarır. Axı bizim sektorda brend orjinallıq üzərindən formalaşır. Müştəri bu sahədə zərgərin yaradıcılığına etibar etmirsə, beynəlxalq bazara necə milli brend çıxa bilər? Məhz buna görə sektora yanaşmanın dəyişməsinin vacibliyini vurğulayıram

- Son olaraq İtaliyada bir sərgidə idiniz. Buna bənzər fikirlərinizi orada da səsləndirmisiniz…

- Bəli, “Oroarezzo” sərgisində idim. Artıq illərdir ki, dünyanın müxtəlif ölkələrində belə sərgilər keçirilir. Çox istərdim ki, Azərbaycan da belə sərgilərin birinə ev sahibliyi etsin. Bu gün ölkəmizdə kifayət qədər nüfuzlu beynəlxalq tədbirlər yüksək səviyyədə təşkil olunur. Düşünürəm ki, zərgərliklə bağlı da belə təşəbbüs olsa, qədim ənənəsi olan Azərbaycan zərgərliyi ən gözəl şəkildə təmsil olunar.