“Çox qürurverici hissdir ki, torpaqları azad etdik” - Millinin üzvü + Fotolar

cox-qururverici-hissdir-ki-torpaqlari-azad-etdik
Oxunma sayı: 1394

"2020-ci il sentyabrın 28-i Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinə könüllü şəkildə müraciət etdim".

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətinə açıqlamasında millimizin üzvü Fərid Ağamoğlanov deyib.

Bu gün Azərbaycanda 27 sentyabr – Anım Günü qeyd edilir. 44 günlük Vətən müharibəsinin iştirakçılarından biri də Azərbaycanın kikboksinq millisinin üzvü Fərid Ağamoğlanov olub. O, 2 il əvvəl baş vermiş zəfərə gedən yolda baş verənlərdən danışıb:

"Yasamal Rayonu Hərbi Komissarlığı məni sentyabrın 29-da N saylı hərbi hissəyə yolladı. Orada təlimlər keçdik. Oktyabrın 1-də Füzuli istiqamətində döyüşlərdə iştirak etdik. Daha sonra Cəbrayıl, Hadrut, Xocavənd istiqamətində irəlilədik. Son nöqtə olaraq Zəngilanda – Ağcakənddə dayandıq. Çox qürurverici hissdir ki, 30 il düşmən əsarətində qalan torpaqları azad etdik. Bir azərbaycanlı oğlu olaraq fəxr edirəm ki, bizim torpaqlarımız artıq azaddır.

Cənab Prezident tərəfindən medallarla təltif olunmuşam. "Cəbrayıl və Xocavəndin azad olunmasına görə" medallarım var. Həmçinin, "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunmuşam".

Türkiyənin Konya şəhərində keçirilmiş İslamiadada qızıl medal qazanan və bayrağımız yüksələrkən əsgər hərbi salamı verən Fərid Ağamoğlanov bu il Avropa çempionu olmağı hədəflədiyini bildirib:

"V İslam Həmrəyliyi Oyunlarında 63,5 kq çəki dərəcəsində kikboksinqin "Full contact" növündə Azərbaycanı təmsil etdim. O yarış mənim üçün çox yadda qalan oldu. İdman zədəsiz olmur. Finalda Mərakeş idmançısı ilə döyüşdə qabırğamdan ağır zədə aldım. Hazırda da qabırğamdan müalicə gedir. Hədəfim 11-18 noyabr tarixlərində Antalyada keçiriləcək Avropa çempionatında qalib olmaqdır. Məqsədim qalib olmaqla bayrağımızı yüksəltmək və himnimizi səsləndirməkdir. Hazırda bu istiqamətdə çalışırıq. Fiziki məşqlərdən keçirik. İnşallah ki, qələbə yenə bizimlə olar və qızıl medalla yenə xalqımızı sevindirərik".