“Çox utanıram” - “Neftçi”nin baş məşqçisi

cox-utaniram
Oxunma sayı: 2839

Azərbaycan Premyer Liqasının 16-cı turunun “Neftçi” – “Qarabağ” (0:4) matçından sonra Laurentsiu Regekampf mətbuat konfransında iştirak edib. O, jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, o, əvvəlcə qarşılaşma haqqında danışıb.

“Danışılası çox şey yoxdur. Bu gün şərhsiz olaraq məğlub olduq. Oyundan əvvəl hazırladığımız heç bir şeyi bu gün meydanda etmədik. Bu cür oyunlarda ürəklə oynamaq, qaçmaq, mübarizə aparmaq lazımdır. Bəzən, lazımı anlarda foul da etmək olar. Nəticələrə görə üzülürəm. Fanatlar, klubu sevən azarkeşlər qarşısında çox utanıram. Tezliklə özümüzə qayıtmalıyıq. Vaxtımız yoxdur. Çünki qarşıda bizi “Zirə”yə qarşı kubok oyunu gözləyir. Çox çətin olacaq.

- Ağır məğlubiyyət qlobal olaraq nəyi düşünməyə size vadar edir?

- Çox şey haqda. Öncə edəcəyim şey, oyuna bir daha baxmaqdır. Sabah oyunçularla məşqimiz var. Artıq paltardəyimə otağında danışdıq. Hamı üzgündür. Amma bu, kifayət deyil. Oyundan qabaq da danışmışdıq. Oyunboyu ən azı “Qarabağ”la mübarizə aparmadıq.

- Azər Əliyev sağ cinahda mübarizə aparırdı. Digər cinahda isə Azər Salahlı oyunboyu səhvlərlə yadda qaldı. Hər kəs hamı “Neftçi”nincinahlarında problem olduğu deyir. Bu, nə vaxt həll ediləcək?

- Lap birinci mətbuat konfransında da demişdim ki, oyunçularım haqda danışmayacam. Həftəboyu hansı oyunçu özünü yaxşı göstərirsə, ona şans veririk. Azər Salahlı çox çətin perioddan sonra qayıdıb. Millinin üzvüdür. Mənim üçün vacib olan amil odur ki, onu addım-addım qaytaraq. Oyunçu yaxşı formada deyilsə, komanda ona kömək olmalıdır. Hazırda çox çətindir. Bu period ərzində bütün yerli oyunçular 100 faiz hazır durumda deyildilər. “Qarabağ”la oyunda elə oyunçular lazımdır ki, təcrübəli futbolçular cinah keçidləri etsin. Ona görə də Azər Salahlı və Əliyevi oynatdıq cinahlarda.

- Qodsvay Donyonu hər dəfə müdafiə edirsiniz. Onun barədə nə deyəcəksiz?

- Bütün oyunçularımı müdafiə edəcəm. Öz oyunçularım haqda danışmayacam. Mən tərəfdən düzgün çıxmır. Sizin hüququnuzdur ki, oyunu analiz edib fikir bildirəsiz. İnanın ki, oyunçularımla tez-tez söhbət edirik. Daxildə son perioddakı çatışmazlıqlar haqda da danışırıq. Müzakirələr aparırıq ki, qışda qısa periodda nələr edə bilərik? Xahiş edirəm, bizə bir az da vaxt verin. Düzgün məqam çatanda, hər şey barədə biləcəksiz.

- Bu gün ikinci qoldan sonra “Neftçi” futbolçuları mübarizə apara bilmədilər. Siz onlara başa salırsız ki, harada oynayırlar?

- Eyni şeyi soruşursuz.

- Çünki lazım olan cavabları demirsiz…

- Haqlısız. Heç bir oyunçunu işarə etməyəcəm. Mənim üçün vacib olan komandadır. Doğrudur, 0:2-dən sonra futbol oynamadıq. Söhbət təkcə oyundan getmir. Bayaq vurğuladığım kimi, ürəyimizi meydanda qoymalıyıq. Təcrübəli oyunçularımız var. Onlar komanda yaxşı oynamayanda vəziyyəti üzərinə götürməlidirlər. Qarşıdakı günlərdə oyunçularla bu haqda danışacam. Başa düşün ki, oyunlarımız var. Ölkə kubokunda “Zirə”yə qarşı vacib matçımız olacaq. Bu gün soyuq duş qəbul etmiş olduq. Hamılıqla bunu düşünməliyik. Amma sabahdan etibarən bərabər çalışmalıyıq.

- Oyun bitəndən sonra azarkeşlər futbolçuları söhbətə dəvət etdilər. Ora təkcə Emin Mahmudov getdi. O da formanı çıxardı. Niyə siz orada yox idiz? Emini necə psixoloji durumdan çıxaracaqsız?

- Fanatların bu oyundan sonra narazı olması normaldır. Təhqirlərlə razılaşa bilmərəm. Amma onlar haqlıdırlar. Bu gün oynadığımız oyunla deyilənlərə layiqik.

- “Zirə” ilə oyun üçün çox az vaxt qalıb. Titul qazanmaq və avrokuboklara yollanmaq üçün ən qısa yol kubokdur. Sehrli çubuğunuz var?

- Əminəm ki, futbolçular bu situasiyada qalmayacaqlar. Onları oyundan sonra gördüm. Hamısı daxilən əziyyət çəkirdi. Bu, soyuq duş idi. Hər birimiz güzgüdə özümüzə baxıb, analiz etməliyik. Əminliklə deyə bilərəm ki, “Zirə”yə qarşı tamamilə başqa komanda görəcəksiz.

- Komandanı psixoloji durumdan necə çıxaracaqsız?

- 0:1 uduzsaydıq da, bu, bizə təsir edəcəkdi. Məğlub olandan sonra çətindir. Xüsusən də, titul uğrunda mübarizə aparan komandalara uduzanda çox təsir edir. Ona görə bayaqdan deyirəm ki, soyuq duş aldıq. Oyunu uduzmuşuq. İndi ağlamağa başlamalı deyilik. Kişi kimi davranıb, növbəti oyuna hazırlaşmalıyıq. Yeganə yolu budur. Futbolçularım peşəkardır, təcrübələri var. Bu barədə narahat deyiləm.