“Cürətimiz çatsa, onlardan cavab da tələb edək” - Komitə sədri

curetimiz-catsa-onlardan-cavab-da-teleb-edek
Oxunma sayı: 1726

"Ölkə prezidenti bələdiyyələrin fəaliyyətini sərt şəkildə tənqid edib. Bu tənqiddən hamımız bütövlükdə nəticə çıxarmalıyıq".

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bələdiyyələrin illik fəaliyyəti ilə bağlı müzakirələrdə çıxış edərkən deyib.

O bildirib ki, qanunsuz fəaliyyətin qarşısının alınması üçün peşə biliklərinin artırılması vacibdir: “Nazirlik bələdiyyələrin öhdəsindən gələ bilmədiyi məsələlərdə onlara kömək etməlidir. Bələdiyyələrin fəaliyyətini qurması üçün onların büdcəsi olmalıdır. Bir çox bələdiyyələr işçilərinə pul verə bilmirlər. Onların Sosial Müdafiə Fonduna 20-40 min borcu var. Pul da gələn kimi fondun büdcəsinə köçürürlər. Bələdiyyələrə dövlət tərəfindən vəsait ayrılmalıdır. Bu qanunvericilikdə də göstərilib.

Bələdiyyələrin vergi yığma prosesində iştirak etməsi məsələsi məhduddur. Bələdiyyələrin büdcəsi əsasən küçə reklamı və yayımı üçün ödənişdən, sanatoriya və kurort mərkəzlərindən əldə olunan gəlirlərdən ibarət olmalıdır. Bələdiyyələtin hələ də torpaq xəritəsi yoxdur”.

Komitə sədri əlavə edib ki, parlamentdə milət vəkillləri tərəfindən verilən təkliflərə və iradlara heç bir reaskiya verilmir: ”Özümüz deyib, özümüz eşidirik. Bizim tərəfimizdən Nazirlər Kabinetinə edilən müraciətlər araşdırılır və bizə çatdırılır, amma digər qurumlardan cavab yoxdur. Ona görə təklif edirəm ki, Milli Məclisin plenar iclasında səsləndirilən tənqidi qeydlər müvafiq orqanlara göndərilsin. Cürətimiz çatsa, onlardan cavab da tələb edək”.

Spiker Oqtay Əsədov isə bələdiyyələri fəaliyyətsizlikdə ittiham edib: “Necə olur ki, 10 bələdiyyə yaxşı işləyir, amma qalanları işləmir?  Mən də başa düşürəm ki, onlara dəstək lazımdır. Amma gərək onların özündə də bir hərəkət olsun”.

***

“Əgər bələdiyyələri torpaqsatan imicindən qurtarmaq istəyiriksə onlar ya əlavə səlahiyyət verməliyik, ya da bütövlükdə bələdiyyə institutunu ləğv etməliyik”.

“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Zahid Oruc parlamentin plenar iclasında müzakirələr zamanı deyib. 
O bildirib ki, nəhayət, İcra Hakimiyyətləri bilməlidir ki, bələdiyyələrin işinə maneə yaratmaq olmaz:

“Əhalinin 4 milyonu gəlib Bakıda məskunlaşıb. Qalanı da bölgələrdədir. Bu qədər əhalinin rayonda işləməsi üçün yerlər torpaq sahələridir. Çünki rayonlarda 1 milyona yaxın iş yeri potensialı var. Ancaq vətəndaş əmin olmalıdır ki, rayona geriyə dönəndə onun ödədiyi pullar onun artezianına, yoluna qoyulacaq, bələdiyyə kreditlərinə çevriləcək”. 

Spiker Oqtay Əsədov isə bu məsələdə parlamentin də az məsuliyyət daşımadığını bildirib: “ Biz qanunları qəbul edirik. Amma qanunların icrasını normal təmin edə bilmişikmi? Bizim bir işimiz də odur ki, qanunların icrasına da nəzarət edək. Bələdiyyə üzvləri də aktiv olmalıdır. Milli Məclisə, komitə iclaslarına gəlməlidirlər, təkliflər verməlidirlər.