Dağıdılmış evlərlə bağlı Avropa Məhkəməsinə müraciət

dagidilmis-evlerle-bagli-avropa-mehkemesine-muraciet
Oxunma sayı: 701

Cəbhə xəttində baş verən aprel hadisələri zamanı 6 mülki şəxs həyatını itirib. “Qafqazinfo” xəbər verir ki, bunu mayın 13-də Baş Prokurorluqda İstintaqa nəzarət idarəsinin rəisi Nazim Abbasov Milli Məclisdə “Təmas xəttində son hadisələr: Beynəlxalq üuhmanitar hüququn probemləri” keçirilən dinləmər zamanı bildirib.

N. Abbasov deyib ki, 641 yaşayış evinə ziyan dəyib, dağılıb.

Onun sözlərinə görə, Ermənistan beynəlxalq hümanitar hüquq normalarını pozub: “Mülki əhalinin qəsdən öldürülməsi, əmlakının məhv edilməsi ilə bağlı Tərtər, Ağdam, Füzuli, Ağcabədi prokurorluqlarında 32 cinayət işi açılıb. 6 nəfərin ölümünə səbəb yaşayış məntəqələrinə atılmış mərmilərin qəlpələri olub. Sübutların toplanması istiqamətində işlər həyata keçirilir ”.

Hərbi prokurorun böyük köməkçisi, polkovnik Səfər Əhmədov isə nəzərə çatdırıb ki, 1988-ci ildən indiyə qədər hərbi cinyətlərlə əlaqədar 296 nəfər erməni millətinə mənsub şəxsin təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılıb:

“Mən ümid edirəm ki, Ermənistanın törətdiyi cinayətlərlə bağlı beynəlxalq məhkəmə prosesi təşkil olunacaq.

O zaman bizim bununla bağlı təqdim edəcəyimiz bütün sənədlər hazırdır”.

S. Əhmədov sonra bildirib ki, aprelin əvvəlində Azərbaycan silahlı birləşmələrinin mövqeləri və mülki yaşayış məntəqələri atəşə tutulub :

“Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycan tərəfinə təhvil verilmiş hərbi qulluqçularımızın meyitlərinə baxış zamanı meyitlərin təhqir edildiyi məlum olub.

Onların üzərində öldükdən sonra təhqiramiz hərəkətə yol verilib.

Məsələn, bir neçə hərbi qulluqçunun qulaq seyvanı kəsilib. Bununla bağlı Tərtər Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, hazırda istintaq aparılır.

Eyni zamanda, 26-28 aprel tarixində Tərtər rayonun Əksipara kəndi atəşə tutulub. Kənd ərazisində pambıq sahəsində partlamamış bir top mərmisi aşkar edilib.

Onun zəhərli 122 mm çaplı top mərmisi olduğu üzə çıxıb. Cinayət işlərinin istintaqı davam etdirilir”.

Prezident Administrasiyasının (PA) Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov bildirib ki, vətəndaşlar baş verən cinayətlərlə bağlı ərizələrlə müraciətlər edirlər :

“Avropa Məhkəməsinə ərizələr vəkillər tərəfindən göndərilməlidir. Artıq Avropa Məhkəməsinə ərizələr göndərilib. Avropa Məhkəməsinə artıq 2 şikayət göndərilib.

Avropa Məhkəməsi bu şikayətlərə baxmağa qərar verib. Yaxın vaxtlarda bu şikayətlərlə bağıl kommunikasiya başlansa, Azərbaycan tərəfi müvafiq addımlar atacaq.

Ermənistan tərəfdən isə iki nəfər Ermənistan hərbçilərinin Azərbaycan əsgərləri tərəfindən təhqir olunması iddiası ilə bağlı Avropa Məhkəməsinə müraciət ediblər.

Araşdırma zamanı məlum olub ki, o erməni əsgərlərinin meyitləri işğal olunmuş ərazilərdə olublar, Azərbaycan ordusunun nəzarətində olan ərazilərdə olmayıblar”.

Ç. Əsgərov vəkillərdən əldə etdiyi məlumatlara əsasən bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış evlərlə bağlı da Avropa Məhkəməsinə də müraciətlər yaxın vaxtlarda göndəriləcək:

“İnsanlar dəymiş ziyana, evlərinin dağılmasına görə Avropa Məhkəməsinə müraciət etməlidirlər, çünki Avropa Konvensiyasına görə hüquqları pozulub.

Mən onları Avropa Məhkəməsiən müraciətlə bağıl ərizələr hazırlamağa dəvət edirəm”.

Günel Türksoy