“Dağın başında övlad böyüdənlər ekoloji problemlə üz-üzə qalmamalıdır” - Yenilənib

dagin-basinda-ovlad-boyudenler-ekoloji-problemle-uz-uze-qalmamalidir
Oxunma sayı: 3169

“Hazırda hadisələrlə bağlı rayonda hüquq-mühafizə orqanları iş aparır. Belə başa düşürəm ki, ilkin məlumatlar olsa da, nəticələri gözləməliyik”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Gədəbəy rayonundan seçilən deputat Sevinc Hüseynova Milli Məclisin plenar iclasında bildirib.

“Qeyd etmək istərdim ki, dağın başında halal zəhmət, min bir əziyyətlə övlad böyütmək istəyən şəxslər ekoloji problemlə üz-üzə qalmamalıdır. Orada olan bacılarımızdan birinə polisin kobud rəftarı qəbuledilməzdir. Əminəm ki, bu hərəkətə hüquqi qiymət veriləcək. Lakin bu hadisənin Laçın-Xankəndi yolunda ekofəallarımız nəticələr əldə edəndən, sülh müqaviləsi ilə bağlı irəli addımlar atılan zaman baş verməsi suallar yaradır.

Ucqar kənddə bu hadisənin yaranmasının arxasında təbii ki, kimlərsə dayanır. Bu qüvvələrin niyyətləri gözlərində qaldı. Hadisənin qarşısı aidiyyəti qurumlar tərəfindən dərhal alındı və reaksiya verildi. Birmənalı olaraq əminəm ki, Söyüdlüdə iş aparan hüquq-mühafizə orqanları, həm də Komissiya bu problemi həll edəcək. Sakinlərimizin ekoloji çirklənmə ilə bağlı müraciətləri vaxtında həll olunacaq. Düşünürəm ki, bu hadisəni törədənlər öz layiqli cəzasını alacaq”,- deyə millət vəkili vurğulayıb.

***

Gədəbəy-Tovuz Seçki Dairəsindən seçilmiş deputat Arzu Nağıyev də məsələyə münasibət bildirib: “Gədəbəyin Söyüdlü kənd sakinlərinin dediklərində həqiqət var”.

Millət vəkili hesab edir ki, Söyüdlüdəki problemi böyütmək lazım deyil: “Sadə xalqdan istifadə edildi. Ölkənin xaricində və daxilində olan bəzi şəxslər bu hadisədən öz məqsədləri üçün istifadə etdilər. Bəzi əqidəsiz trol dəstələrinin və özünü müstəqil adlandıran kütləvi informasiya vasitələrinin fəaliyyəti araşdırılmalıdır. Bu şəxslər heç vaxt nə Söyüdlü sakinlərini, nə Azərbaycanı düşünüb. Baş vermiş insidentin dövlətə qarşı böyük aksiyaya çevrilməsinin qarşısı alınıb. Komissiya işləyir və nəticə ilə bağlı müvafiq məlumat veriləcək”.

Zaur Mirzə