Daha 50 şəhid ailəsi və müharibə əlilinə yeni mənzillər təqdim olundu - Fotolar

daha-50-sehid-ailesi-ve-muharibe-eliline-yeni-menziller-teqdim-olundu
Oxunma sayı: 2298

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Zəfər qazandığı Vətən müharibəsinin ikinci ilində də şəhidlərimizin ailələrinə, müharibə əlillərinə sosial dəstək tədbirləri davam etdirilir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Bakının Suraxanı rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə əlillərinə daha 50 mənzilin təqdim olunması zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib.  

Mənzillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Xalq artisti Mənsum İbrahimov təqdim ediblər. 

Bildirilib ki, postmüharibə dövründə mənzillə təminat proqramı 5 dəfə genişlənib, bu gün verilən mənzillər də daxil olmaqla 3850 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə verilib. Ümumilikdə ötən dövrdə 12850 imtiyazlı şəxs mənzil və ya fərdi evlə təmin edilib.

İlin sonunadək şəhid ailələri və müharibə əlillərinə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan 500-ü regionlarda inşa edilən fərdi evlərdir. 

Yeni mənzillərdə ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb. 

Mənzil təqdim edilən şəhid ailələri və müharibə əlilləri diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə tam təmirli yeni mənzillərlə təmin edildiklərinə görə dövlət başçısına öz minnətdarlıqlarını ifadə ediblər.