Xaçmaz rayonunun Padar kəndi yaxınlığındakı meşədə at əti aşkarlanıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) “Qafqazinfo”ya daxil olan məlumata görə,bu gün qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Xaçmaz rayonu Padar kəndi yaxınlığındakı meşə ərazisinə baxış keçirilib. Baxış zamanı meşə ərazisində qeyri-qanuni, antisanitar şəraitdə, gizli şəkildə kəsilmiş, sümükdən ayrılmış, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan 100 kq çəkisində at əti və 1 ədəd kəsilmiş atın başı aşkar olunub. İlkin araşdırma nəticəsində həmin heyvanın kənd sakini İsmayıl Məmmədov tərəfindən kəsilməsi, ətin sümükdən ayrılması və həmin at ətinin Bakı şəhərində satılması məqsədi ilə hazırlandığı müəyyən edilib.
Aşkar edilmiş, sümükdən ayrılmış at ətindən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
100 kq çəkisində olan sümükdən ayrılmış at əti müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilib.
Qeyd edək ki, bu son zamanlar Xaçmaz rayonunda aşkarlanan 2-ci belə hadisədir.


Son xəbərlər
Son Xəbərlər