Daha bir gənc metrodakıları həyəcanlandırdı

daha-bir-genc-metrodakilari-heyecanlandirdi
Oxunma sayı: 2588


Bu gün saat 13:00 radələrində metronun “Xalqlar dostluğu” stansiyasında qatar gözləyən gənclərdən biri əlində tutduğu bahalı mobil telefonun dəmiryolu xəttinin üzərinə düşdüyünü deyərək, telefonu götürmək üçün relslərin üzərinə enmək istəyib. 

“Qafqazinfo” xəbər verir ki, bu isə metropoliten əməkdaşlarının həyəcanına səbəb olub və onlar 25-27 yaşlarında olan gənci birtəhər fikrindən daşındırmağa çalışıblar. 

Gəncin yüksək gərginlikli elektrik cərəyanı olan dəmiryol xəttinin üstünə düşməkdə təkidli olduğunu görən bələdçilər daxili rabitə vasitəsilə metro polisinə məlumat veriblər. Hadisə yerinə gələn polis məsələni araşdırmaq üçün gənci bölməyə aparıb. Elə həmin anda növbəti qatar stansiyaya gəlib çatıb. 

Xanım bələdçinin dediyinə görə, bu kimi hadisələr son günlər xeyli çoxalıb: “Adamlar çox laqeyd olub. Elə bir neçə gün əvvəl bir tələbə qatarın altına düşməsi nəticəsində qolunu itirdi. Belə getsə, platforma ilə dəmiryol xətti arasına hasar çəkmək lazım gələcək”.

Qeyd edək ki, bölməyə aparılan gəncin və onun telefonunun sonrakı taleyindən xəbər tuta bilmədik. Musavat.com