Daha bir məmur tutuldu

daha-bir-memur-tutuldu
Oxunma sayı: 649

APA-nın Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədrinin qanunsuz hərəkətləri barədə Abşeron rayonu sakininin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Müəyyən edilib ki, komissiyanın sədri Eldəniz Cahangirov rayon sakininə 2-ci qrup müddətsiz əlillik dərəcəsinin təyin edilməsi üçün ondan 500 manat məbləğində rüşvət tələb edib.

Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində iyulun 9-da E. Cahangirov komissiyanın inzibati binasında vətəndaşdan 500 manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Fakta görə E. Cahangirov barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır. E.Cahangirov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.