Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

daha-bir-nece-avtobus-marsrutu-musabiqeye-cixarilir
Oxunma sayı: 2690

Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə məqsədilə daha bir neçə avtobus marşrutları müsabiqəyə çıxarılır.  

Bu barədə “Qafqazinfo”ya AYNA-dan məlumat verilib.

Qeyd olunur ki, bunlar Bakı-Bərdə, Bakı-Tərtər, Bakı-Zaqatala, Bakı-Gəncə, Bakı-Şəki, Bakı-Şəmkir, Bakı-Mingəçevir, Bakı-İsmayıllı, Bakı-Siyəzən, Bakı-Siyəzən, Bakı-Kürdəmir, Bakı-Göyçay, Bakı-Oğuz, Bakı-Qəbələ, Bakı-Beyləqan şəhərlərarası, paytaxtın 56 nömrəli şəhərdaxili, 156, 123 və 137 nömrəli şəhərətrafı avtobus marşrutlarıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Bərdə, Bakı-Tərtər, Bakı-Zaqatala, Bakı-Gəncə istiqamətlərində 4 Lot üzrə avqustun 13-də;

Bakı-Şəki, Bakı-Şəmkir, Bakı-Mingəçevir istiqamətlərində 4 Lot üzrə avqustun 16-da;

Bakı-İsmayıllı, Bakı-Siyəzən, Bakı-Kürdəmir istiqamətlərində 5 Lot üzrə avqustun 20-də;

Bakı-Göyçay, Bakı-Oğuz, Bakı-Qəbələ, Bakı-Beyləqan istiqamətlərində 5 Lot üzrə avqustun 23-də;

paytaxtın 56 nömrəli şəhərdaxili, 156, 123 və 137 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə avqustun 27-də baxılacaq.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.