Danimarka polisi Rusiyanın “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində partlayışla bağlı araşdırmanı başa çatdırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Kopenhagen polisi yayıb.
Bildirilir ki, buna səbəb cinayət işinin başladılması üçün kifayət qədər əsasın olmamasıdır.
Bundan əvvəl isə, fevralın 7-si İsveç hadisə ilə bağlı istintaqı dayandırıb. İsveçin rəsmi qurumları bildirib ki, ölkə vətəndaşlarının insidentlə əlaqəsi yoxdur, bu isə o deməkdir ki, hadisə İsveç qanunvericiliyi çərçivəsində araşdırıla bilməz. İşin materialları hazırda araşdırmanı davam etdirən Almaniya hüquq-mühafizə orqanlarına verilib.
Xatırladaq ki, “Şimal axını-1” və hələ istifadəyə verilməyən “Şimal axını-2” qaz kəmərlərində partlayışlar 2022-ci il sentyabrın 26-sı baş verib. Hadisədən sonra Danimarka, Almaniya və İsveç birgə araşdırmaya başlayıb. Rusiya Prezidenti Vladimir Putin qaz kəmərlərinin partladılmasında ABŞ-nin iştirakının olduğunu hesab etdiyini vurğulayıb.