Daha bir ölkədə məhdudiyyətlər aradan götürülür

daha-bir-olkede-mehdudiyyetler-aradan-goturulur
Oxunma sayı: 4169

İrlandiya koronavirusun yayılması səbəbindən ölkədə tətbiq olunan karantin məhdudiyyətlərini sürətli şəkildə aradan götürür: iyunun 8-də altı nəfərədək qruplar həm küçələrdə, həm də qapalı məkanlarda toplaşa biləcək, həmçinin bazar ertəsindən etibarən mağazalar, iyunun 15-dən isə ticarət mərkəzləri açılacaq. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Baş Naziri Leo Varadkar bildirib.

“Mağazalar saat 10:30-dan tez olmayaraq açılmalı və daha həssas və risk qrupuna daxil yaşlı insanlar üçün xüsusi iş saatı ayırmalıdırlar”, - çıxış edən Baş Nazir deyib.  

Həmçinin bazar ertəsindən etibarən 15 nəfərədək qruplar küçədə bərabər idmanla məşğul ola biləcəklər. Dəfn mərasimlərində isə artıq 25 nəfərədək insanın iştirakına icazə veriləcək.

Kitabxanalar, eləcə də yay uşaq mərkəzləri (qruplarda 15 nəfərədək insanın olması şərti ilə) açılmaq hüququ alacaqlar.

İnsanlar bazar ertəsindən öz dairələrində və ya evdən 20 kilometr məsafədə məhdudiyyətsiz gəzmək imkanı əldə edəcəklər.

İyunun 15-də açılacaq ticarət mərkəzlərində təhlükəsizlik qaydalarına riayət olunmalı, insanların sıx toplaşmasına yol verilməməlidir.