Cəbhə xəttində şəhid olan Xaçmaz rayon sakini, 1996-cı il təvəllüdlü Coşqunov Mustafa Əhməd oğlu bu gün axşam saatlarında yaşadığı Yeni Həyat qəsəbəsində torpağa tapşırılıb.
Dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, rayon hüquq mühafizə orqanlarının rəhbərliyi və rayon ictimaiyyəti iştirak edib.
***
Azərbaycan Ordusunun ötən gün cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan əsgəri, 19 yaşlı Əli Fətulla oğlu Rəhimovun cənazəsi bu gün doğulduğu Masallı rayonuna gətirilib.
“Qafqazinfo” xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, əsgərin nəşi doğma kəndləri olan Köçəkli kənd qəbirsanlığında torpağa tapşırılıb. Dəfn mərasimində kənd sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, Masallı Rayon İcra hakimiyyətinin və yerli hüquq mühafizə orqanı nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Əli Rəhimov bir il öncə hərbi xidmətə çağırılıb.
***
Cəbhə xəttində şəhid olan Azərbaycan Ordusunun əsgəri Vüqar Poladov bu gün doğulduğu Tovuz rayonunun Aşağı Öysüzlü kəndində dəfn olunub.
Dəfn mərasiminə şəhidin doğmaları ilə yanaşı rayon ictimaiyyəti də qatılıb. Vətən uğrunda canından keçən əsgərin ailəsinə dərin hüznlə başsağlığı verilib, səbir dilənib. Şəhid əsgəri ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb. Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə kimi saxlanılması üçün şəhidin atasına təqdim edilib.
“Qafqazinfo” Axar TV-nın dəfn mərasimindən çəkdiyi videonu təqdim edir: