Daha iki rayonda azot gübrəsi güzəştli şərtlərlə satıldı

daha-iki-rayonda-azot-gubresi-guzestli-sertlerle-satildi
Oxunma sayı: 704

Bu gün “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Balakənin Qabaqçöl qəsəbəsində və Masallının Həsənli kəndində azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Balakəndə təşkil edilən səyyar satış zamanı 70-ə yaxın vətəndaşa 30 ton azot, Masallıda rayonundakı satışda isə 30-a yaxın vətəndaşa 13 ton azot gübrəsi satılıb.

Bundan öncə Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayıllı, Astara, Biləsuvar, Saatlı, Kürdəmir, Xaçmaz, Siyəzən, Şəmkir, Qazax, Gədəbəy, Tovuz, Ağstafa, Qusar, Xızı, Samux, Qax, Zaqatala rayonlarında səyyar satış həyata keçirilib.

Qeyd edək ki, fevral ayından etibarən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.