Daha üç şəhidimiz 30 ildən sonra dəfn olundu - Yenilənib - Fotolar

daha-uc-sehidimiz-30-ilden-sonra-defn-olundu
Oxunma sayı: 4698

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri - Xasiyev Elşən Nəzərəli oğlu Bakıxanov qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri, şəhid ailələri, döyüş yoldaşları iştirak ediblər.

Şəhid Dövlət Himninin sədaları altında, dualar və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb.

Şəhidin tabutuna bükülmüş üçrəngli Dövlət Bayrağımız qızı Xəyalə Xasıyevaya təqdim edilib.

Qeyd edək ki, Xasıyev Elşən Nəzərəli oğlu 1968-ci ildə Bakının Kürdəxanı qəsəbəsində anadan olub. 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

***

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən digər şəhid Ələkbərov Əliyar Ədalət oğlu Nizami rayonunun Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları, qazilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid Azərbaycanın Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidin ruhuna dualar oxunub. Onun tabutuna bükülmüş Azərbaycanın üçrəngli Bayrağı şəhidin oğlu Ədalət Ələkbərova təqdim edilib.

Şəhidin qızı Sara Ələkbərova jurnalistlərə müsahibəsində deyib: “Atam itkin düşdüyündə mənim 3 yaşım var idi. İllər ona olan həsrətimizi azaltmadı”.

İtkin düşən atasının nəşinin tapılmasına görə dövlətimizin başçısına təşəkkür edən S.Ələkbərova bildirib: “Atamla hər zaman fəxr etmişik. Bundan sonra da qürurla onun məzarını ziyarət edəcəyik. Bütün şəhidlərimizə Allahdan rəhmət, onların ailələrinə isə səbir diləyirəm”.

Qeyd edək ki, Əliyar Ələkbərov 1965-ci ildə Neftçalada anadan olub. 1994-cü il fevralın 15-də Kəlbəcər rayonunun Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşüb.

***

Bu yaxınlarda nəşinin qalıqları tapılan şəhidlərdən biri də Arif Ələkbər oğlu İmaməliyevdir. Mayın 21-də şəhidlə vida mərasimi keçirildikdən sonra nəşi Bakının Yeni Suraxanı rayonundakı Şəhidlər xiyabanına gətirilib.

Dəfn mərasimində şəhər sakinləri, şəhidin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidin ruhuna dualar oxunub.

Qeyd edək ki, Arif İmaməliyev 1960-cı ildə Bakı şəhərində anadan olub. 1994-cü il fevralın 15-də Kəlbəcər rayonundakı Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşmüşdü.