“Daşkəsəndə arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi uğurla icra edilib - Fotolar

daskesende-ariciliq-teserrufatinin-inkisafina-destek-layihesi-ugurla-icra-edilib
Oxunma sayı: 2024

“AzerGold” QSC-nin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi uğurla icra edilib.

“Qafqazinfo” xəbər verir ki, iyunun 20-də Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) layihədə iştirak etmiş arıçılıq təsərrüfatı sahiblərinin təltifolunma mərasimi keçirilib.

Tədbirdə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, İqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri Elməddin Qurbanov və digər rəsmi şəxslər iştirak ediblər.

 “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov rəhbərlik etdiyi dövlət şirkətinin 2016-cı ildən etibarən dağ-mədən sahəsində mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında fəaliyyətini təşkil edərək, ölkəmizin qeyri-neft-qaz sektorunun inkişafına öz töhfələrini verdiyini diqqətə çatdırıb. İdarə Heyətinin sədri ötən 7 ilə yaxın dövr ərzində uğurlu hasilat və emal fəaliyyəti nəticəsində 358 min unsiya qızıl, 712 min unsiya gümüşün ixracının həyata keçirildiyini qeyd edib. Ötən dövr ərzində yerli zərgərlik bazarının inkişafı məqsədilə 11 min unsiyadan çox qızıl, 76 min unsiyadan çox gümüş metalının isə daxili bazara yönəldildiyini deyib. O, 2017-ci ildən daxili və xarici bazarlarda icra olunan satış əməliyyatları nəticəsində ümumilikdə əldə edilən gəlirlərin 1 milyard manatı üstələdiyini bildirib. Bununla “AzerGold” QSC-nin ölkəmizin qeyri-neft-qaz sektorunun əsas ixracatçı dövlət şirkətləri sırasında ilk pillələrdə qərarlaşmağa nail olduğunu vurğulanıb.

Daha sonra “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi barədə ətraflı məlumat verən Z.İbrahimov əsas məqsədin Daşkəsən rayonunda kiçik sahibkarlıq ekosisteminin inkişafı, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi təşviqi və təbii bal istehsalının artırılması ilə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosialyönümlü dövlət siyasəti, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarına əlavə töhfə vermək olduğunu bildirib.

Tədbirin sonunda təlim və praktiki məşğələləri uğurla tamamlayan arıçı fermerlər sertifikatlarla təltif ediliblər. Həmçinin, layihə çərçivəsində arıçılara təqdim olunan aktivlər, o cümlədən zəruri mal və materiallarla tam təchiz edilmiş arı yeşikləri və balsüzən dəzgahlara baxış keçirilib.

Qeyd edək ki, “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi artıq ikinci ildir ki, həyata keçirilir. Layihədə “AzerGold” QSC-nin hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi “Çovdar” qızıl mədənin yaxınlığında yerləşən kənd və digər yaşayış məntəqələrinin sakinləri iştirak ediblər. İlk dəfə 2022-ci ildə icra edilən layihədən Daşkəsən rayonunun Çovdar, Bayan, Quşçu və Zəylik kəndlərində fəaliyyət göstərən, ümumilikdə 24 nəfər arıçı fermer faydalanıb. Builki layidə isə Çovdar, Bayan, Quşçu kəndləri, eləcə də Şadax adlanan ərazidə yaşayan 32 nəfər fermer iştirak edib.