“Dava-dalaşla uşaq böyütmək istəmirdim deyə boşandım” - Məmmədyarovalarla müsahibə

“Dava-dalaşla uşaq böyütmək istəmirdim deyə boşandım”
Oxunma sayı: 12522

Şəhriyar, Zeynəb və Türkan Məmmədyarovlar – bir ailənin 3 qrossmeysteri. Atalarının vətənə olan sevgisi onların şahmata maraq salmasının əsas səbəbidir. Bayrağı yüksəklərə qaldırmaq üçün hər 3-ü bu yolu tutub və ölkəni uğurla təmsil ediblər. Şəhriyarın illərdir qazandığı uğurlar hər kəsə bəllidir. Qadın şahmatçılarımız isə cari ildə Avropa çempionatında bürünc medal qazanmaqla gündəmə gəldilər. 

Zeynəb və Türkan Məmmədyarovalar “Qafqazinfo”ya müsahibələrində komandamızın uğurundan, şahmatın həyatlarındakı rolundan danışdılar:

- Eyni ailədə 3 qrossmeyster... Bir yerə yığışanda ancaq şahmatdan danışırsız, yoxsa tamamilə uzaq olursunuz?

- Zeynəb Məmmədyarova: Biz də qardaşım kimi olsaydıq, o zaman şahmatdan danışardıq. Kişilər şahmata çox bağlı olurlar. Qadınlar olan yerdə isə başqa mövzulardan daha çox danışırıq. Amma bəzən şahmatdan da söhbətlərimiz olur. 

- Türkan Məmmədyarova: Burda üçümüzün də evli olmağının rolu var. Yəni ayrı yaşadığımız üçün bir yerə toplaşanda daha çox başqa mövzulardan söhbət edirik. Daha çox ailələrdən danışırıq. 


 
- Z.M: Bilirsiniz bir yerdə olmaq nəyə deyirik? 7 gün 24 saat (gülür). Amma belə onsuz da hər gün bir-birimizi görürük. Çünki uşaqları anamızın yanına qoyuruq və yaxın yaşayırıq. Görüşlərimizdə ən az iştirak edən Şəhriyardır. Çünki yarışlarda daha çox olur. Valideynlərimizlə bir yerdə yaşadığı üçün ora gedəndə hər dəfə onu görürük. Şəhriyar olmayanda onu oğlu təmsil edir. 

- Zeynəb xanım, ailənin böyük uşağı sizsiz. Şahmat evdə sizinlə başlayıb?

- Eyni gündə şahmata başlamışıq. İlk vaxtlarda mənim uğurlarım böyük olub. Hətta Şəhriyar öz şokolad payını da mənə verirdi ki, şahmatı öyrət, atam soruşanda cavab verə bilim. Çünki mən daha yaxşı öyrənmişdim. 2 ildən sonra Avropa çempionatında 3-5-ci yerləri tutdum. Azərbaycan çempionatında isə gümüş medal qazanmışdım. Həmin vaxt Teymur Rəcəbov, Nicat Məmmədov, Qədir Hüseynov kimi şahmatçılar da orada idi. Lakin Azərbaycandan tək nəticəni mən qazanmışdım. Şəhriyarla o vaxtlar şahmat oynayanda səhv gediş edirdi, deyirdim ki, düz deyil, başqasını oyna. Şahmatda dərəcəni də ilk mən almışam. Lakin şahmat məktəbinə Şəhriyarın adı məndən bir gün öncə yazdırılıb. 

- Atanız da şahmatçı olub?

- Yox, atam idmançı olub, ağır atletika ilə məşğul olub. Bu idman növündə SSRİ çempionu olub. Çox vətənpərvər insandır və o vaxt düşünürdü ki, övladları ölkəmiz üçün nəsə eləsin. Bu səbəbdən şahmata yönəltdi bizi. O, övladlarından çox vətəni düşünüb həmişə. Bizə elə əziyyətlər verib ki, şahmatı daha yaxşı öyrənə bilək. Məsələn, mən məktəbə gedəndə həmişə çantamda şahmat kitabı olurdu. Atam bilərəkdən böyük çanta alırdı ki, şahmat kitabı da yerləşsin. Dərsdə başımı çantanın içinə salıb alma yeyə-yeyə şahmat məsələsi həll edirdim. Bir dəfə dərsdə məsələ həll edirdim və müəllim başımın üstündən bunu gördü. Başımı çantaya salıb məni dərsdən qovdu. Atam evdə nə qədər məsələ həll etdiyimizi soruşurdu. Mənə sual verdilər ki, atamdan daha çox müəllimlik, ya valideynlik görmüşəm? Mən ondan daha çox müəllimlik gördüm, çünki o, övladlarını vətənə qurban verər.  Yəni bütün bunlar ölkə üçün idi. 

- Türkan xanım, sonbeşik olduğunuz üçün böyüklərə baxıb şahmatla məşğul olmağa başlamısız?

- T.M: Mənim seçim etməyim yadıma gəlmir. Atamın fikri olub ki, qardaşım və bacım kimi mən də şahmatçı olum. Şəhriyar və Zeynəbdən çox öyrənə bilməmişəm. Məsələn, istəyərəm ki, onlarda olan xarakter məndə də olsun. Daha çox döyüşkən ola bilərdim, çünki düşünürəm daha çox zəifəm. 

- Z.M: Taktiki olaraq Türkan məndən daha yaxşı şahmatçıdır. Lakin evin kiçiyi olduğu üçün daha çox əzizlənib. Şəhriyarla mən sərt qanunlarla böyümüşük, dəcəl olmuşuq, danlanmışıq. Həm də uşaq vaxtı xəstəlik keçirdiyinə görə Türkana xüsusi diqqət olub. 4 yaşında artıq şahmat oynaya bilirdi, öyrətmişdik. Bir dəfə fiqurları düzdük və onunla şahmat oynamağa başladıq. Bir gediş etdi, ikinci gedişi mən etdim, növbəti gedişdə Türkan şahmatda ola biləcək ən pis gedişi oynadı (gülür). Təsəvvür edin, necə sevinirdik ki, biz ona şahmatı öyrətdik. Həmin gedişə xeyli gülmüşdük.  

- T.M: İndi 4 yaşlı uşağa şahmat öyrətmək çətindir. İstər dərs keçdiyim uşaqlara, istər öz uşaqlarıma öyrətmək müşkül məsələdir. Həmin vaxt mən onu bacarmışamsa, böyük şeydir. 

- Övladlarınız da şahmata davam edəcək?

- T.M: Mənim 3 övladım var. 2-si oğlandır, 1-i də qız. Böyük oğlumla qızım əkizdirlər. Böyük oğlum şahmatı çox sevir, yaddaşı da çox yaxşıdır. Hər gün mənə deyir ki, gəl şahmat oynayaq. Kiçik oğlum isə şahmatı oyuncaq sayır, yığır bir yerə oynayır. Böyük oğlum da deyir ki, gəl başqa bir otağa şahmat qoyaq və orda oynayaq. Elə də edirik. 

- Deyəsən dayısına oxşayır?

- Çox istəyərəm ki, oğlum Şəhriyara oxşasın. Həvəsi də var, sevir də. Hər şeyi də tez anlayır. Qızım isə heç şahmatda maraqlı deyil. 

- Z.M: Böyük oğlumun 13 yaşı var, 4 yaşı olanda şahmatla məşğul olmaq istədim.  Lakin o qədər danışırdı ki, bunu bilirəm, onu bilirəm... Mən də öyrətmək fikrindən daşındım. 2-3 il sonra yenidən istədim ki, onunla məşğul olum,  fiqurları öyrədim. 6-7 yaşında isə mən onun hərəkətindən şok oldum. Fiqurları özü düzdü və bizi çox təəccübləndirdi. Dedim ki, sən bunları necə öyrəndin? Cavab verdi ki, siz böyük şahmatda oynayanda mən hər şeyi gördüm və öyrəndim. Onu rahat böyütmüşəm. Çünki özümüz uşaqlıq görməmişik və buna görə onu daha yaxşı böyüməsinə çalışıram. Düzdür, mən atam kimi güclü ola da bilmərəm.

- Bir sözlə, övladlarınız yolunuzu davam etdirəcək?

- Z.M: Mən istəyirəm ki, kiçik qızım şahmatçı olsun. Cəmiyyətdə şahmatçı qadınlara hörmət böyükdür. Bütün idman növləri yaxşıdır, lakin şahmat mədəni və intellektual idman növüdür. Hər hansı bir yerdə başqa idmançılarla yanaşı dayananda, biləndə ki, mən şahmatçıyam “ooo” deyirlər. Yəni bu, böyük hörmətin əlamətidir. Mən istəyərəm ki, qızım da o hörməti görsün. Övladlarımdan ən çox onu görmək istəyərəm. 

- Həyat yoldaşlarınız heç narazılıq edirmi ki, uşaqları niyə şahmata yönəldirsiz? Bəlkə onlar övladlarını fərqli sahələrdə görmək istəyirlər?

- T.M: Mənim həyat yoldaşımın şahmata olan sevgisini görsəniz... Əslində onunla da şahmat vasitəsilə tanış olmuşam. 

- Z.M: (Sözünü kəsir:red) Mənim tələbəmin bacısı rəfiqəsi ilə görüşəndə onun qardaşı gəlib. Həmin vaxt Türkanı görmüşdü. Orda tanış olublar. 

- T.M: Evdə iş görəndə yoldaşım məni çağırır ki, dur gəl şahmat oynayaq. Özü də istəyir ki, övladlarımızdan biri uğurlu şahmatçı olsun. Yoldaşım futbolu da çox sevir. 

- Deyəsən, Şəhriyar da futbolu çox sevir. Raul məşhur futbolçu adıdır...

- Z.M: Yox, fikrimcə onunla əlaqəli deyil. Sadəcə Raul adı beynəlxalq ad olduğuna görə seçir. Düşünür ki, gələcəkdə oğlu da güclü şahmatçı olar və beynəlxalq arenada daha rahat çıxış edə bilər. Mənim qızımın adı Nursinadır. Sina dağı Musa peyğəmbərin Allahın səsini eşitdiyi yerdir. Bu ada Tatarıstanda məşhurdur. Atamın nənəsi Samara şəhərindədir və qızım doğulanda atam orada idi. Arzuladı ki, qızımın adı elə olsun.
 
- T.M: Mənim oğlanlarımın birinin adı Atilla, digəri Timuçindir. Yoldaşım tarixi çox sevdiyi üçün adları belə qoymuşuq. 

- Zeynəb xanım, Sumqayıtda bələdiyyədə də işləyirsiniz. Bu işləri necə çatdırırsız?

- Zaqatalada toplanışda idim və mənə təklif gəldi. Atamla danışdım və müzakirə elədik. Şahmat siyasətdən yaranmış oyundur, ona görə bütün şahmatçılar siyasətin içindədir. Bəzi şahmatçılar deyir ki, mən siyasəti sevmirəm, amma şahmat elə buradan, müharibələrdən gəlir. Biz bələdiyyədə vətəndaşlara xidmət edirik. İnsanlara qulluq etmək xoşuma gəlir. Bu dəfə deputat olmaq istəyirəm. Ona görə də seçkilərə qatılacam. Bunu müzakirə etmişik. Namizədliyimi vermək istəyəndə hər kəs müsbət qarşıladı. Bu, məsuliyyətli işdir və inanıram ki, uğurlu olacam. 

- Azərbaycanın qadınlardan ibarət yığması Avropa çempionatında uğurlu oldu. Öncədən gözlənilirdi?

- T.M: Təbii ki, gözləyirdik. 2002-ci ildə 13 yaşımda böyüklər arasında şahmat olimpiadasında iştirak etmişdim. Zeynəb, mən, Vəlixanlı Firuzə və Mehriban Şükürovadan ibarət 4-lük mübarizə aparmışdıq. Hətta 5-7-ci yerləri bölüşdürmüşdük. Orada da Ermənistana qalib gəlmişdik. Davamlı nəticələr olurdu, medallara yaxınlaşırdıq. Amma olmurdu. İndiyə qədər Avropa çempionatına ən yüksək reytinqlə bu il qatıldıq. Startda 5-ci idik. Ona görə medala çox yaxın idik. Düşünürdük ki, bu dəfə ən real şansı əldə etmişik. Avropa çempionatından öncə qızlarla toplanışda danışırdıq ki, medal qazanmalıyıq. Sürpriz olmadı, fikrimcə, layiq idik. Son matçda Ermənistanla qarşılaşırdıq və onlardan 1 xal öndə idik. Ermənilərlə heç-heçə də bizə bəs edirdi, lakin qalib gəldik. Prinsipal matç idi, kişi yığmamız bizə dəstək olurdu, onlara da öz yığmaları dəstək olurdu. Hətta bayraqla gələnlər var idi. Dəstəyimiz çox idi. 

- Hər halda kişilərin nəticəsi sürpriz oldu?

- T.M: Kişilərdə hərdən belə şeylər olur (gülür). 

- Z.M: Fikrimcə, o da sürpriz deyildi. Çünki Teymur Rəcəbovun oynamamağı şahmatçılarımıza mənfi təsir etmişdi. Hamı istəyər ki, komanda güclü olsun. Teymurun olmamağı böyük zərbə idi. O, Dünya kubokunda qalib olmuşdu və komandamızla yarışa qatılsaydı, yığmaya motivasiya olardı. Oynamadı və şahmatçılarımız məyus oldu, bir masa itkimiz oldu. Yenə də çalışırdılar ki, nəsə qazansınlar. Əslində, Teymurun getməyəcəyi 3 gün qabaq deyil, daha tez bilinsəydi, komanda psixoloji gərginliyi üzərindən atardı. 

- Şəhriyar instaqramda bir azarkeşə “kişilər kişi kimi oynamadı” şərhini yazmışdı...

- T.M: Ona deyirəm ki, sən şərh yazma! Yazdığı şərhlər son zamanlar yaman müzakirə olunur. “Qarabağ”la bağlı yazdığı şərh də gündəm olmuşdu. Fikrimcə, Şəhriyar onu güc olaraq demişdi. Üçqat Dünya Çempionudurlar və güclərini göstərə bilmədikləri üçün belə yazmışdı. 

- Z.M: Komanda gərək tam şəkildə olsun. Bir nəfər olmasa, halqa qopur. 

- Şəhriyar Dünya Kubokunda Teymura uduzmasaydı, çempion ola bilərdi?

- T.M: Məncə, real idi. Hər dəfə Şəhriyar namizədlər turnirində də yaxşı çıxış edir. O, güclü şahmatçıdır. 

- Z.M: Daha çox variant belə idi ki, Şəhriyar qalib gələcək. Teymurla Şəhriyar yaxın dost olduqlarına görə adətən bir-biri ilə qarşılaşanda heç-heçəyə razılaşırlar, bir-birinin xətrinə dəymirlər. Lakin bu dəfə Teymur psixoloji olaraq üstünlük əldə etdi və qalib gəldi. Həm də Şəhriyar il ərzində çox yarışa qatılır. Düşünürəm ki, özünü şahmatdan yorulmuş kimi hiss edir. Amma bir şey deyim ki, Şəhriyar Teymura qalib gəlib Dünya Kubokunu qazansaydı, kişilərdən ibarət komandamız da Avropa çempionatında uğurlu nəticə göstərərdi. Çünki Şəhriyar komandamızın heyətində qitə çempionatına yollanardı, Teymur da orada olardı. Daha güclü şəkildə çıxış edərdik. 

- Ailəli olmağınız şahmata mane olurmu?

- T.M: Çətin olur. Uşaqlara, ailəyə vaxt ayırmalısan. Balaca olanda ümumiyyətlə, çətin idi. Lakin indi bağçaya gedirlər deyə müəyyən rahatlıq var. 

- “Şahmatçı qadınlar ağıllı olur”,- deyirlər. Kişilər şahmatçı qadınları sevir?

- Z.M: Şahmatçılar elmə maraqlı olan insanlardır və ağıl cəhətdən daha üstündürlər. Boks, güləş ayrı, şahmat ayrı. Səviyyə fərqi hiss olunur. Ona görə də kişi şahmatçılar qadın şahmatçılarla evlənə bilmirlər. Bizim bir tanıdığımız şahmatçı var, o deyir ki, “ailədə bir şahmatçı da çoxdur”. İnsanlar evlənəndə bir-birlərinin İQ səviyyəsini yoxlamırlar. Ola bilər ki, kişi savadlı olsun. Fikrimcə, əgər ailədə qadın daha çox ağıllıdırsa, özünü kişiyə elə göstərməməlidir. Kişi özünü daha zəif hesab etməməlidir. Belə düşünürəm. Ağıllı qadın o vaxt daha yaxşı olar ki, həyat yoldaşı daha ağıllı görünsün. 

- T.M: Bu məsələdə fikirlərimiz uyğun gəlmir. Mənə elə gəlir ki, kişilər ağıllı qadınları sevir. Çünki ağıllı qadın övladlar üçün xeyirlidir. Uşaqlar anaya daha çox diqqət edirlər. İndiki zamanda çox kişi istəyər ki, qadını ağıllı olsun. Mənim yoldaşım ailə qurmamışdan öncə də məni tanıyırdı. 

- Zeynəb xanım, bizim cəmiyyətdə boşanmaq birmənalı qarşılanmır. Siz isə 3-cü dəfə ailə həyatı qurmusuz. Bu sizə nə vaxtsa problem yaradıb?

- Birinci yoldaşımı (İş adamı Gülağa Tənha:red ) saymayaq. Çox “kefkom” adam idi. 8 ay onu tapa bilmədim, ortalıqda yox idi. Maddi və mənəvi olaraq mənimlə maraqlanmırdı. Sırf buna görə ondan ayrıldım. Belə ailəni qəbul etmirdim. Buna haqqım da var. 

- İlk evliliyinizdən bir övladınız var?

- Böyük oğlum Elton Gülağa Qəmbərovun oğludur. Kiçik oğlum və qızım isə ikinci evliliyimdəndir. Onların valideyni ABŞ-da yaşayır. 

Uşaq ata və ananın münasibətindən tərbiyə alır. Ona görə ayrıldım ki, dava-dalaş ortamında uşaq böyütmək istəmirdim. Övladlarımın cəmiyyətə xeyirli insanlar olmasını istəyirəm. Uşaqlarımın varlı, tanınmış olmağından çox cəmiyyətə qarşı ziyanlı biri olmaması üçün çalışıram. İndiki yoldaşım isə mədəni və savadlı insandır. Hər şey qaydasındadır. Uşaqlar da bizim münasibətimizdən nümunə götürürlər, elə istədiyim də bu idi.

Elsevər Məmmədov

Fotolar-Video: Pərvin Zeynal




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi