“Davranış Mədəniyyəti Konsepsiyası”nın hazırlanması məqsədilə sorğu keçirilir

davranis-medeniyyeti-konsepsiyasinin-hazirlanmasi-meqsedile-sorgu-kecirilir
Oxunma sayı: 1265

Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyət nazirini qəbul edərkən səsləndirdiyi “Mədəni irsimizin qorunması, saxlanılması, Azərbaycan mədəniyyətinin dünyaya təbliği, gənc nəslin Azərbaycan mədəniyyətindən, mədəni irsindən xəbərdar olması və milli ruhda tərbiyəsi işində Mədəniyyət Nazirliyinin rolunun yenidən formalaşdırılması” ilə bağlı strateji göstərişin icrası məqsədilə nazirliyin bu istiqamətdə fəaliyyəti üçün əsas platforma rolunu oynayacaq “Davranış Mədəniyyəti Konsepsiyası”nın hazırlanması prosesinə başlanılıb. 

Mədəniyyət Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, bu prosesin ilkin mərhələsi olaraq ictimai rəyin öyrənilməsi məqsədilə sorğu keçirilir.

Sorğunun keçirilməsinin məqsədi gənclərə milli-mənəvi dəyərlərin aşılanması, milli ruhda tərbiyə edilməsi və milli mənsubiyyətimizin qorunmasına töhfə verəcək “Davranış Mədəniyyəti Konsepsiyası”nın hazırlanmasında vətəndaşların rəyinin öyrənilməsidir. Milli-mənəvi dəyərlərə sahib cəmiyyətin, ələxsus gənc nəslin inkişafı Azərbaycanın daxili siyasətinin mühüm istiqamətlərindəndir.

“Davranış Mədəniyyəti Konsepsiyası”nın da məqsədi bu fikir və dəyər səfərbərliyini asanlaşdıracaq  ümumi platformanın yaradılmasıdır.

Qeyd edək ki, keçirilən sorğu vasitəsilə vətəndaşların milli və bəşəri dəyərlər haqqındakı fikirləri öyrəniləcək, bu dəyərlərin cəmiyyətdə mənimsənilməsi, qiymətləndirilməsi və insanların gündəlik həyatlarına olan təsiri ilə bağlı məlumatlar əldə ediləcək. Hazırlanan sorğudan əldə olunan məlumatlar milli-mənəvi dəyərlərə yanaşmanın müəyyənləşdirilməsi və vahid bir konsepsiyanın hazırlanmasında vacib mərhələdir.

Sorğuda könüllü olaraq 18 yaşından yuxarı hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər. Sorğu kompaniyası 1 (bir) ay müddətində aparılacaqdır.

Sorğuya keçid üçün https://forms.gle/v2CvcoYjUB2Kw9U9A linkindən istifadə edə bilərsiniz.