Daxili orqanında narkotik və psixotrop maddələr keçirmək istədi

daxili-orqaninda-narkotik-ve-psixotrop-maddeler-kecirmek-istedi
Oxunma sayı: 1191

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb.

Dövlət Gömrük Komitəsindən "Qafqazinfo"ya verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Lakin şəxsi yoxlama zamanı onun daxili orqanlarında narkotik vasitə gizlətdiyi ehtimal edilib və o, müayinə olunması üçün Astara Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Rentgen müayinəsi zamanı vətəndaşın düz bağırsağında 2 ədəd bükümdə, qablaşdırması ilə birgə çəkisi 22 qram olan psixotrop maddə - metamfetamin, 51 ədəd üzərində "M40" yazısı olan "metadon" həbi aşkarlanıb.

Qeyd edək ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na, metamfetamin isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.