“Dediklərim məni məsuliyyətdən azad etmir” - “Neftçi”nin prezidenti

dediklerim-meni-mesuliyyetden-azad-etmir
Oxunma sayı: 1751

“Neftçi”nin prezidenti Kamran Quliyev “FutbolPress” saytına müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- “Neftçi”nin çempionluğu təsadüf idimi?

- Qətiyyən. 28 oyun bir, “Qarabağ”a 3 dəfə qalib gəlmək ikinci məsələdi. Ən çətin oyunların son məqamlarında qol vurmaq bir dəfə alınır, ancaq biz bunu bir neçə dəfə bacardıq.

-  Bu sualı ona görə ilk verdim ki, çempionluqdan sonra komandanın avrokuboklarda çıxışı və yeni mövsümün ilk hissəsindəki nəticələri belə fikir formalaşdırıb. Komanda sanki uzun illərin get-gəllərindən sonra psixoloji olaraq çempionluğa hazır deyildi...

- O fikirlə razıyam ki, müəyyən boşluqlar oldu, bəzi işlər istədiyimiz kimi getmədi. İstər transfer, istərsə vaxt baxımından çətinliklərlə qarşılaşdıq. Keçən yay hazırlığa hamıdan tez başladıq. Ötən illərdə Avropa Liqasına düşən komandalar çempiondan erkən başlayırdı, bu il isə əksinə oldu, bizim fasiləmiz demək olar ki, olmadı. Bütün bu xırda məsələlər üst-üstə gəlir. Bəzi işlərin ürəyimizcə olmaması, Avropada daha yaxşı nəticə əldə etməməyin səbəbkarları bütün klub işçiləridi: mən başda olmaqla məşqçilər heyəti, futbolçular – hamının səhvi var.

- Bu, sizin üçün böyük təcrübə oldumu?

- Əlbəttə. Yaxşı nəticə də, uğursuzluq da bir təcrübədi.

- İdman direktoru postunun boş olması yayda komandanın formalaşdırılmasına nə dərəcədə təsir göstərdi? Mane ola bilərdinizmi transferlərin belə alınmasına?

- Klubda nə dərəcədə yüksək postda olsam da, elə şeylər var ki - infrastruktur, media, futbol işləri ilə digər mütəxəssislər məşğul olur. Öz aləmimdə bu işlərə öyrəşmiş olsam da, mütəxəssisin addımı vacibdi. Çünki o sahənin mütəxəssisidisə, çalışdığım qədər son söz onun olmalıdı.

- Fakt odur ki, transfer kütləsi disbalans yaradıb, hazırkı fikirləriniz də vəziyyəti dəyişmir...

- Bəli, dediklərim heç də məni məsuliyyətdən azad etmir. Lakin ötənilki legioner sayı da təxminən bu qədər idi. Ən böyük problemimiz iki gedən yerli, vacib oyunçumuz oldu. Hansı ki, onların yerini doldura bilmədik. Sadəcə, keçən mövsüm biz nəticə göstərdiyimiz üçün legioner sayına diqqət yönəlmədi. Bu, məsələnin bir tərəfi. İkincisi, keçən mövsüm komandada balans var idi. O balans pozuldu. Bunun səbəbini də hamı bilir. İki nəfər mövsümün başlamasına qədər oynamışdı, açar oyunçular idi.

- Gələn legionerlərin ehtiyatda qalması çox müzakirə olunur...

- Əlbəttə, bu da yaxşı hal deyil. Avrokuboklara böyük ümidlə baxırdıq. Sadəcə, çempionat üçün yetərli heyətimiz yoxdu. Daha dəqiq, uyğun heyət. Əgər qrupa düşsəydik, heç bəhs etdiyimiz durum da yaranmazdı.

- Bu məsələlərin belə məcra alması sizi idman direktorunun lazım olduğu fikrinə gətirdi?

- Zaur Əzizovun təqdimatında bu məsələylə bağlı ətraflı fikir bildirmişəm. Strukturumuzda idman direktoru postu ləğv edilməmişdi. Sadəcə, istədiyimiz, münasib kadr tapmaq çətin idi. Yayılan informasiyalar əsassız, dəqiqləşdirilməmiş məlumatlar idi, biz klub olaraq o postu ləğv etməmişdik.

- Amma Ceyhun Sultanovun göndərilməsindən sonra idman direktoru vəzifəsinə təyinat olmadı, bu haqda soruşulanda açıqlama belə olmuşdu: vəzifə ləğv olunub, baş məşqçi də idman direktoruna ehtiyac görmür və s...

- İndi bütün məsuliyyətimlə deyirəm, post ləğv edilməmişdi, belə bir şey ola da bilməz. Söhbət o vəzifəyə hələlik uyğun birinin seçilməməsindən gedə bilərdi.

-  Klubda skaut qrupu var idi – İqor Getman, Vadar Nuriyevdən ibarət. Onlar necə olacaq?

- Onlar idman direktorunun tabeliyində fəaliyyət göstərəcəklər. Yaradılmış strukturu ləğv etmək fikrində deyilik. Tapşırıqları idman direktorundan alacaqlar. Hər peşəkar klubda seleksiya və ya skautinqlə məşğul olan insanlar çalışmalıdır.

- Bunaqədərki fəaliyyətlərində hər hansı məhsuldarlıq varmı?

- Onlara yarım ildən sonra idman direktoru daha ətraflı qiymət verəcək.

- Zaur Əzizov futbolda persona kimi cəlbedici addı. Təqdimat konfransında bildirdiniz ki, ona təklif sırf sizdən gəlib.

- Tək mən yox, Zaur Əzizov özü də bildirdi ki, Kamran Quliyevdən təklif alıb. Bu sualın qollarının hara gəlib çıxdığını bilirəm. Klubda sistem belədi: klub prezidenti, baş məşqçi, büdcənin təsdiqlənməsi, ayrılması, planların cızılması, klub qarşısında məqsədlər qoyulması və s. - Müşahidə Şurasının səlahiyyətindədi. Kadr məsələləri – baş məşqçi, idman direktoru, şöbə müdiri, istərsə adi bir sıravi əməkdaşı tapıb, məlumatları yığmaq, sonda təqdim etmək - mənim səlahiyyətimdədi və mənim işimdi. İdman direktoru təyin etmək A-dan Z-yə qədər mənim təşəbbüsümdü. Sadəcə, bu məsələni şifahi şəkildə Müşahidə Şurasında müzakirə etmişəm. İstək, seçim, təqdimat mənim idi. Zaur Əzizovu yaxşı tanıyan bir insan kimi bu vəzifəyə layiq gördüm.

- Əzizovun təyinatından sonra baş məşqçi postu müzakirə olunur...

- Baş məşqçimiz Samir Abasovdu. Zaur özü də etiraf etdi ki, klubla yaxından tanış olmaq üçün vaxt lazımdı. “Neftçi” kimi kluba bir günün içində gəlib hər şeyi bilmək, reaksiya vermək, rəy bildirmək mümkün deyil. Zaur bəylə Samir Abasov barədə ümumiyyətlə danışmamışıq, danışmağa ehtiyac da yoxdu. Baş məşqçimizə inanırıq. Zaur Əzizov da ona güvənir.

- Deməli, qış toplanışında komandanı Samir Abasov hazırlayacaq

- Zərrə qədər şübhəniz olmasın.

- Bəs komanda mövsümü Abasovla başa vuracaq?

- Nəinki bu mövsüm... Biz gələcəyə ümidlə baxırıq. Ki, Samir Abasov uzun müddət komandanın sükanı arxasında olacaq. Əlbəttə, istəyirik ki, Samirin nəticələri  ümidlərimizlə üst-üstə düşsün. Amma onun kreslosunun laxlanmaq söhbəti qətiyyən yoxdur.

- Azarkeşlər nəticələrdə əsas günahkar baş məşqçini hesab edir...

- Bura 2018-ci ildə gəlmişəm. Azarkeşlər nə qədər tənqidi fikir səsləndiribsə, bunların hamısı bizim xeyrimizə olub. Onların istəyi bizi daha yaxşı, faydalı işləməyə sövq edir.

- Tez-tez sponsor anlaşmaları ilə gündəmə gələn nadir klubsunuz. Yaxın gələcəkdə bu istiqamətdə yenilik gözlənilir?

-Bu işləri aparan Media, Marketinq və İctimaiyyətlə Əlaqələr departamentidir. Rüstəm Allahverdiyevin başçılıq etdiyi şöbə bu məsələlərlə kifayət qədər uğurla məşğul olur. Yeni anlaşmalar olacaq. Hətta mən sizə deyim ki, “Neftçi” ailəsinə qoşulmaq istəyən, amma bizim statusumuza uyğun gəlmədikləri üçün imtina etdiyimiz təşkilatlar olub. Burda təkəbbürdən söhbət getmir, ancaq klubun adı var.

- “Neftçi” həmişə əsas komandasında yetirmələrinin çox olması, hətta digər klublarda  yetirmələrinin oynaması ilə diqqət çəkib. Bu prosesin səngidiyi görünür...

- Keçən il çempion olmuş yetirmələrimiz indi də meydandadılar. Hətta bəzi oyunlarda aparıcı rol oynamış gənc futbolçularımız var. Məsələn, Vüsal Əsgərov. Bu yöndə İsmayıl Zülfüqarlı, Asim Əlizadə də bizə kömək edə biləcək futbolçulardır. “Neftçi”nin səviyyəsinə qalxmaq amili var. Kimdə alınacaqsa, klubumuzu gələcəkdə təmsil edəcək. Bizim üçün yerli futbolçular həmişə vacibdir. Qaldı ki, onların transfer məsələlərinə, bilirsiz ki, illərdi, Azərbaycanda kifayət qədər sərt legioner limiti hökm sürür. Ona görə də yetirmələrimiz özümüzə lazımdı. Əvvəllər bu, daha yumşaq idi. Biz bazamızı tam hazır vəziyyətə gətirməkdəyik, artıq orda akademiya binası da tikilir, inanın, bu məsələlər “Neftçi”nin gələcəyini indikindən beş dəfə parlaq edəcək.

- Abasov mətbuat konfranslarında tez-tez müzakirələrə səbəb olacaq fikirlər səsləndirir. Danışdıqlarınızdan hiss olunur ki, münasibətləriniz yaxşıdır. Abasov niyə həmişə narazıdır?

- Komandanı çempion etmiş baş məşqçiyə olan tələblər daha da yüksəlib. İndi onun əlində olan sükan çempion komandanındır. Bu, bir az fərqli atmosferdir. Ona görə də Abasov futbolçularından daha yaxşı nəticələr gözləyir. Emosionallıq isə onun xarakterinə məxsusdur. Həmişə tənqidin tərəfdarıyam. Ancaq əgər ürəyincə olmayan nələrsə yaşanıbsa belə, məncə, bunu daha çox klubdaxili müzakirə etmək daha yaxşı olar.

- Onun bu xarakteri klubdaxili ab-havaya təsir edirmi?

- Hamımız insanıq. Elə vəziyyət olur ki, özümüzü 100 faiz idarə edə bilmirik. Samir Abasov ağıllı adamdır. İnanıram ki, hər oyunda baş verənlərdən uğurla nəticə çıxarır. Böyük məşqçilərə xas xüsusiyyətləri var.

- Mamadu Kanenin “Neftçi”dən “Olimpiakos” kimi prestijli kluba transferi müsbət qarşılandı. Eyni zamanda onun icarə əsasında komandada qalması da bəyənildi. Ancaq Kane əvvəlki deyil...

- Bu, futbolçunun formasından irəli gələn məqamlardı. Kane, ümumiyyətlə, bu il istirahət etməyib. Çempionat bitəndən sonra o, milli komandasına getmişdi, sonra geri gəldi və komandanın məşqlərinə qoşuldu. Bundan sonra isə avrokubok və çempionat oyunlarına çıxdı. Ən az istirahət edən futbolçumuzdur. Bəzi oyunlarda zəif çıxışı sırf yorğunluqdandır.  “Olimpiakos” onunla 4+1 illik müqavilə imzalayıb. Onlar da lüzum gördü ki, daha 1 il və ya yarım il “Neftçi”də qalsın. Onun üçün ikiqat yük var, həm “Neftçi”nin uğuruna çalışır, həm özünü “Olimpiakos”un baş məşqçisinə göstərməlidi. Digər tərəfdən, Afrika Millətlər Kubokunda oynayacaq. Psixoloji və idman baxımdan xeyli yüklənib.

- Mövsümün sonuna qədər burda qalıb-qalmayacağı bəllidimi?

- Bu, qış fasiləsində tam məlum olacaq. Belə bir şərt var ki, transfer pəncərəsinin son gününə qədər “Olimpiakos” onu qaytara bilər.

- Transfer pəncərəsi demişkən Eddi İsrafilov gəldi... Bu keçid birmənalı qarşılanmır.

- Şəxsi fikirləridir. Onun instaqramında və ya başqa hardasa yazışmalarından danışırlar. Gülməli səbəblər gətirilir, guya müharibə zamanı nəsə eləyib. Eddi İsrafilovun damarlarında Azərbaycan qanı var. Bunu biz bilirik.

- Himnimizi bilirmi?

- Soruşacam. Çoxdandı, görməmişəm.

- Sonuncu dəfə haçan görmüsünüz?

- Eddi İsrafilovun o zaman Azərbaycan millisinə cəlb olunması prosesində şəxsən mən də iştirak etmişəm. İspaniyaya gedib ilk danışıqlarda olmuşam. Orda nə pul, nə də başqa söhbətlər olub. Bunlar hamısı şayiələrdir. Eddinin hazırda İspaniyada “Neftçi”dən daha yaxşı maliyyə şərtləri olan təklifi var.

- Onu qoyub bura gəlir?

- Azərbaycanda, anasının vətənində, buranın ən böyük klubunda oynamaq istəyir. Eyni zamanda, Avropa yarışında çıxış etmək niyyətindədi. 29 yaşı var, niyə də istəməsin. Eyni zamanda, məni şəxsən yaxşı tanıyır. Bu məsələnin qərar verməyində həlledici rolu oldu.

- Orta xətdə qıtlıq yoxdur. Yəqin  Abasov bu məqamı bilərək Eddini istəyib...

- Bəli. Baş məşqçinin istəyi, təkidi ilə. Eyni zamanda, hələ təyinatı rəsmiləşməmiş  Zaur Əzizovun da bu haqda rәyini soruşmuşuq, çox müsbət fikir səsləndirib. 

-  “Böyük klub” dediniz. “Flaqman daha “Qarabağ”dır” tezisi geniş müzakirə olunur. Halbuki bu ifadə bizdə ilk olaraq “Neftçi”nin adı ilə assosasiya olunub.

-  Mən uşaq olanda stadionda ilk izlədiyim komanda “Neftçi” olub. Əmim komandanın futbol formasını mənə hədiyyə etmişdi. Uşağa ilk hansı klubun forması hədiyyə olunursa, adətən həmin komandaya azarkeşlik edir. Hələ Maşallah Əhmədov, İsgəndər Cavadovun dövründə stadiona getmişəm. O zaman flaqman sözünü eşitməmişəm. Ancaq Azərbaycanın ən böyük tarixə malik klubu “Neftçi”dir. Mənim üçün “Neftçi” təxminən Azərbaycan futboluna bərabərdi. İndi bunun adını ən böyük, uğurlu klub, flaqman qoyaq və s.

- Rüstəm Əhmədzadənin “Neftçi”yə deyil, “Qarabağ”a gedişi müakirə olunur. Ümumiyyətlə, belə bir cəhdiniz var idi?

- Maraqlanmışdıq. Ancaq artıq “Qarabağ”ın futbolçusudur. Bu barədə çox danışmaq istəmirəm.

- Danışıqlar dərinləşmişdi?

- Danışıqları şəxsən mən aparmamışdım. Ancaq həmin vaxt bizə fərqli məlumatlar gəlirdi. Onun ümumiyyətlə Azərbaycan çempionatına gəlmək istəmədiyi fikri bizə çatdırılmışdı. Ola bilər ki, bu səbəbdən bir az daha dərinə getmədik. Ancaq belə deyilməsəydi, danışıqlarçün nümayəndə heyəti göndərə bilərdik.  Bizə deyilmişdi ki, o, Avropaya getmək istəyir.

- Bəs Ayaz Quliyevlə danışıqlar?

- Soruşmuşam, maraqlanmışam. Ayaz son zamanlar mütəmati olaraq “Arsenal”da (Tula) oynayır. Tələblərini nəzərə alaraq, bu keçidə inanmıram. Söhbət yalnız puldan getmir, çempionat məsələləri də var. Hansı ki, bizdən asılı deyil.

- Qış transfer dönəmi elə də hərəkətli deyil. Planlarınız hazırdımı?

- Yaxşı olardı ki, idman direktoru bu barədə məlumat versin.

- Baş məşqçinin istəkləri var?

- Təbii ki. O, istəklərini idman direktoruna təqdim edib. Mənim də xəbərim var. Prioritet yerli futbolçulardır. Ancaq indi yerli futbolçu tapmaq yayda qartopu oynamaq kimidi. Nə idman direktorumuzun, nə bə bizim sehrli çubuğumuz var. Mümkün olmayan şeyləri edə bilmərik. Ancaq “Neftçi”nin səviyyəsini qaldıra biləcək yeni futbolçu ilə anlaşa bilsək, yerlilərimizin sayını artıracağıq.