“Dedilər Bəkirdən pul istəsən, səni öldürüb maşınını yandıracağıq”

“Dedilər Bəkirdən pul istəsən, səni öldürüb maşınını yandıracağıq”
Oxunma sayı: 4708

10 il öncə verdiyi pulu tələb edən sahibkar buna görə üzərinə oğru dünyasının adamlarının göndərildiyini iddia edir. 

Balakən rayon sakini Əli Vahid oğlu Əliyev “Qafqazinfo”ya müraciət edərək bildirib ki, 2010-cu ildə Türkiyə vətəndaşı Bəkir OK adlı şəxsdən “Star OK” şirkətinə məxsus Bakı-Balakən reysi üzrə sərnişindaşıma həyata keçirmək hüquqlarını alıb və qarşılığında Bəkir OK adlı şəxsə 22 min ABŞ dolları ödəniş edib: “Cəmi 3 gün işləyə bildim, sonra reys dövlətin qərarı ilə bağlandı. Bəkir OK reysin bağlanacağını qabaqcadan bildiyi üçün məni aldadaraq pulumu mənimsədi. Həmin vaxt pulu tələb edəndə dedi ki, səbr elə, bir neçə aya açılacaq. Amma qərar dəyişmədi. Bəkir də dedi ki, puldan 3 min dollar rüsuma verib, 2 min də "Avtovağzal"a rüşvət verib. Bu məsələlərə görə, mənim evim əlimdən çıxdı, ailəm dağıldı, sağlamlığımda ciddi problemlər yarandı. Mən müalicə üçün Rusiyaya getdim və orada olan anamgil mənə dedilər ki, Bəkirdən pulu alıblar. Mən də pulu anamın qızıllarını satıb ödəmişdim. Ona görə dedim ki, pul elə anamda qalsın.

Əli Əliyevin sözlərinə görə, 2019-cu ildə bacısı əslində Bəkirin onlara pul vermədiyini, anası və qardaşının daha çox zərər görməməsi üçün belə dediyini bildirib:

Bundan sonra mən Bəkir OK ilə görüşüb pulumu tələb etdim. O indi də Bakıda bizneslə məşğuldur. Bir neçə gün sonra telefonuma zəng gəldi, həmin şəxs özünü “oğru İlqamın əmisi oğlu Zəlimxan” kimi təqdim etdi. Başqa da bir neçə "avtoritet" zəng elədi, məni ölümlə hədələdilər. Sonra onlarla görüşdüm, 5 nəfər idilər, mənə dedilər ki, bir də Bəkirdən pul istəsən, səni öldürüb maşını da yandıracağıq. Mən də bununla bağlı “Banditizm”ə (Baş Mütəşəkkil Cinayətkarlılq Mübarizə İdarəsi) müraciət etdim. Onları tutub gətirdilər, mənimlə üzləşdilər. Bir neçə gün sonra “Banditizm”dən mənə dedilər ki, “onları buraxdıq, daha səninlə işləri olmayacaq, get pulunu məhkəməylə al”. Mən də pulu verdiyim ərazi üzrə Abşeron rayon Polis Şöbəsinə müraciət etdim, Bəkiri ora çağırıb üzləşdirdilər, pulu aldığını da etiraf etdi. Ondan sonra da iş dayandı, heç bir nəticə yoxdur”.

Ə.Əliyev qeyd edib ki, Abşeron Rayon Polis Şöbəsinə etdiyi müraciət üzrə bir qərar verilməyib. İstintaq orqanının hərəkətsizliyindən şikayətçi olan Ə.Əliyev ümumiyyətlə hazırda məsələ ilə bağlı araşdırma aparılmadığını deyir.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi