Dekabrın 1-dən “Soyuq əllər, isti ürək” başlayır

dekabrin-1-den-soyuq-eller-isti-urek-baslayir
Oxunma sayı: 1785

“Nargis” Fondun təşkilatçılığı və dəstəyi ilə Fəvvarələr Meydanında “Soyuq əllər, isti ürək”  xeyriyyə yarmarkası baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki, tədbirin yüksək səviyyədə keçirilməsində “Nargis” Fonda baş sponsorlar qismində “Boutique One”, “Azercell”, “Coca-Cola”, “Berg”, “Xırta-Xırt”, “FMG-group”, “Shokki Mokki”, “Azərçay”, ”Zeytun Bağları”, “Final yağları”, İndoneziyanın Azərbaycandakı səfirliyi, “Muğan Bank”, eləcə də rəsmi tərəfdaş qismində “CinemaPlus”, “Azərİşiq”, “Bakı Abadlıq Xidməti”, “Dayaq Group Security” dəstək göstərəcək.  

Artıq 7 ildir ki, “Soyuq əllər, isti ürək” yarmarkası paytaxtımızın sakinlərinə və qonaqlarına əsl Yeni il ab-havası və sehirli əhval-ruhiyyəsi bəxş edir. Burada siz doğmalarınız üçün Yeni il hədiyyələri, suvenirlər, kitablar, paltarlar, şirniyyatlar əldə edə bilər, həmçinin yarmarkada yerləşən kiçik kafelərdə isti şokoladı, bir fincan çayı və ya qəhvəni içə, təamları və şirniyyatları dada bilərsiniz. 

Ənənəyə sadiq qalaraq, yarmarkadan toplanılan bütün vəsaitlər xeyriyyə məqsədlərinə yönləndiriləcək. "Nargis" fondu yarmarkanın sponsorları ilə birgə əməliyyata və müalicəyə ehtiyacı olan uşaqlara, həmçinin aztəminatlı ailələrə köməklik göstərəcək.  Bundan əlavə, yarmarkanı dəyərli və fəxri qonaqlarımız – uşaq evlərinin sakinləri ziyarət edəcəklər.

Qeyd edək ki, xeyriyyə fondu 2012-ci ildə "Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən Azərbaycanda xeyriyyə ənənələrini yaşatmaq və davam etdirmək məqsədi ilə təsis edilib, 2013-cü ildə isə aktiv fəaliyyətə başlayıb. Məhz o zaman bu gözəl ənənənin - "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasının təməli qoyulub. Təsis olunduğu gündən etibarən fond tərəfindən bir sıra xeyriyyə layihəsi, uşaq evləri və qocalar evlərinə, aztəminatlı ailələrə maddi dəstək, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatları həyata keçirilib. "Nargis" fondu tərəfindən 2019-cu ildən etibarən eyni prinsipləri davam etdirərək Novruz bayramına həsr olunan “Torpaq əlimdə, bahar ürəyimdə” yaz xeyriyyə yarmarkası təşkil edilir.

"Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası dekabrın 1-dən etibarən yanvarın 13-dək hər gün səhər saat 11:00-dan 23:00-dək  fəaliyyət göstərəcək.