Dələduzlar at oynadanda

deleduzlar-at-oynadanda
Oxunma sayı: 2579

Dünya Sakit

Azərbaycanda dələduzluq halları pik həddə çatıb. Hər gün ona yaxın dədləduzluq – türklər demiş, dolandırıcılıq faktı barədə xəbər oxumaq mümkündür. 

Məhkəmələrdə bu hallar üzrə qaldırılan cinayət işləri əsasında minlərlə proses gedir. Məhkəmə xəbərləri arasında böyük üstünlük məhz dələduzluq cinayətləri ilə bağlı olur.

Deyirlər, dələduzluq da böyük neft gəlirlərinin axını ilə vüsət alıb. Söhbət 2005-ci illərdən sonradan gedir. Bu iddiada bir xeyli həqiqət var: məhz böyük pulların dövr etməyə başlamasından sonra insanların dolandırıcıların toruna düşməsi halları çoxalıb. Əvvəllər kimsə fırıldaqla, dələduzluqla üzləşəndə camaat arasında böyük resonansa səbəb olurdu. İnsanlar aylarla bu hadisələri müzakirə edir, dələduzluq edənləri qınayırdı. Yəni belə hallar mində bir idi. İndi isə fırıldaqçılıq əməlinə dair yeni faktın açıqlanmadığı gün olmur.

Axtaranda görürsən ki, az qala bütün bu əməllərin başvermə tarixi neft qiymətlərinin düşdüyü 2015-ci ildən əvvələ gedib çıxır. 

Üstü açılan ilk dələduzluq əməlləri evlərlə bağlıydı – bir evin bir neçə nəfərə satılması, MTK-ların camaatdan pul toplayıb aradan çıxması və sair. Haradasa məşhur hind filmi olan “Cənab 420”-dəki hadisələri xatırladırdı bu faktlar. 

Bir qədər sonra daha “rəngarəng” dələduzluq faktları üzə çıxmağa başladı. Bank fırıldaqçılığı, lombard qanunsuzluqları, daha sonra işə düzəltmə, iş düzəltmə, instituta qəbul etdirmə və sair, və ilaxır... 

Sabiq deputat Gülər Əhmədovanın deputat seçdirmək adıyla sabiq rektor Elşad Abdullayevi dolandırması isə pik nöqtəsi oldu.

Qeyd edim ki, G.Əhmədovadan sonra Azərbaycanda bir sıra məşhur simalar dələduzluq əməlində suçlanıblar. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Komitənin sabiq Aparat rəhbəri Səfər İmanovun, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadənin, keçmiş futbolçu Maşallah Əhmədovun, daha kimlərin adları yüz minlərlə manatlıq dolandırıcılıq cinayətlərində keçib. 

Dələduzluğun qurbanı olanlar arasında da məşhurlar az deyil. Maraqlıdır ki, kim tərəfindənsə fırıldaqçılığa məruz qalan vəzifəli şəxslər tutduqları postu itirməmək üçün səslərini çıxara bilmirlər. Buna görə də bir qayda olaraq, dələduzlar tərəfindən aldadılanlar arasında onların adlarına rast gəlinmir. Lakin digər tanınmışlar, xüsusilə də şou-biznes əhlinin belə əməlləri də, qurbana çevrilməsi də sirr qalmır.

Müğənni Samir Piriyevlə aparıcı Kamran Həsənli arasındakı qalmaqalı, yəqin hamı xatırlayır. Xalq artisti Könül Xasıyeva ev almaq istəyərkən fırıldaqçılara tuş gəlib.

Bu günlərdə məlum olub ki, əməkdar artist Könül Kərimova oğluna Ukraynadan diplom almaq istəyib və dələduzluğa məruz qalıb. Bundan əvvəlsə torpaq alarkən aldadılmışdı...

Son günlərin daha bir məşhur dələduzluq olayı “Space” telekanalında “İşimiz var” verilişinin aparıcısı olmuş Vüqar Ağayev də xeyli adamı işə düzəltmək adıyla aldadıb, sonra da ölkədən qaçıb.

Qaçmaq demiş, dələduzların xeyli hissəsi fırıldaq yolu ilə əldə etdikləri pulları xaricə çıxarıb, özləri də ölkədən qaçmağa müvəffəq olurlar. Bu isə onların aldatdıqları şəxslərin zərərinin ödənilməyəcəyi deməkdir...

Neft pullarının axını yenidən sürətlənməkdədir. Bu baxımdan, camaatımız gərəkdir ki, ehtiyatlı davransın. Yenə də aldadıla bilərlər...