Kəndimizdə bir pir var: “Daşatılan” pir.
Güneydəki pirin kim yanından keçsə, üstünə daş atmalıdır. Səbəbini bilməsək də, hər ordan keçəndə ciblərimizin, ovcumuzun tutduğu qədər daş yığıb pirə atardıq. Böyüdükcə həmin pirin məramını düşündüm. Görəsən, pirə niyə daş atırdıq? Bəlkə piri daşlayırdıq?
* Dünyada hansısa bir enerjiyə, dəyərə, iddiaya yox deməklə yaranan ideologiyalar var: məsələn, ateizm. Kimsə demişdi, Allah var. Onun keyfiyyətlərindən, məziyyətlərindən söz açmışdı, sonra bir nəfər çıxıb dedi ki, “yoxdur!” Mövcud bir fikrə qarşı yüksəkdən qışqırmaqla da var olmaq olur. Yaxud, birini öldürməklə var olanlar: Dantes kimi. Bir fransız zabiti idi, dueldə Puşkini öldürməklə adını tarixə yazdırdı, ədəbiyyata hopdu: “Nələr yazdın, nələr andın Dantes gülləsilə yaralandın”. Əks söz, iddia, etiraz, lap qaynar bir güllə də sənətkar üçün yaxşıdır, susqunluq əsla! Sənət, ədəbiyyat laqeydliklə üz-üzə qalanda o, yaşayıb yaşamadığını, nəyəsə lazım olub olmadığını anlamır. Sənətkar üçün bir məhbusun başına aramla damızdırılan suyun səsi daha yüngül cəzadı, nəinki susqunluq.
Bu gün əsl sənət Azərbaycanda böyük bir biganəliklə qarşı-qarşıyadır. Sənətin sanballı siması dünyanın hər yerində auditoriya tərəfindən az diqqət çəkir. Lakin sənət ağsaqqal kimidir, cismani, fiziki baxımdan kimsəyə lazım deyil, ona üz çevirəndə isə, həm hikmətin itir, həm bərəkətin. Ağsaqqalın nə olduğunu uşaq-muşaq bilmir. Azərbaycan incəsənəti uzun illərdir diletant əllərdədir.
Mişel Uelbek yaradıcı adamın həyatından esse yazarkən incəsənəti şair adı altında belə təqdim edir: “Şair müqəddəs parazit olub qədim misirlilərdə pul və ya daş üzərində qazılmış və ya gildən düzəldilmiş müqəddəs böcək şəklinə bənzəyir. O, əxlaqsızlığa düçar olmuş varlı və zəngin cəmiyyətin bədənində nicat tapa bilər. Amma onun eyni zamanda güclü və tərki-dünya cəmiyyətin ürəyində də yeri vardır”.
Günlərin biz görmədən üstümüzdən uçub gedən böcəklər kimi keçdiyi günlərdə daşladığımız pirə bu gün təkrar getdim. Təbii, yenə “daşladım”. Üzərində əvvəlki qədər daş yox idi. Yəqin ki, yaşlı insanlar dünyasını dəyişdikcə o ənənə unudulur. Bir zamanlar üstündən bulaq kimi daş fışqıran pirin üstü çox yetim görünürdü. Demək, bu piri yaşadan elə daş idi. Daşlanmaq.
Sərdar Amin,
Xüsusi olaraq “Qafqazinfo” üçün
Son xəbərlər
Son Xəbərlər