Qrup rəhbərləri YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Siyasi Şurasının üzvləri, YAP Gənclər Birliyinin sədr müavinləri Samirə Quliyeva və Ramin Məmmədov, YAP Mərkəzi Aparatında təlimatçı Emil Abasov Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə, eyni zamanda onun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son on ildə gənclərə diqqət və qayğıdan, bu istiqamətdə təsdiqlənən Dövlət Proqramlarından ətraflı bəhs etdilər. Bildirdilər ki, gənclərə göstərilən bu etimad, diqqət və qayğı onların daha səylə çalışmalarına, müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyi naminə sıx birləşməyə stimul verir.
Çıxışlarda vurğulandı ki, bu gün nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin böyük çoxluq təşkil etməsi də bu diqqət və qayğıdan irəli gəlir. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin daha çoxluq təşkil etməsinin vacibliyini bildirməklə, bu istiqamətdə tövsiyələrini irəli sürmüşdür: «Həm indi partiyamızda üzv olan, həm də gələcəkdə üzv olacaq gənclərin hamısı bizim gələcək nəsillərimizdir. Onlar Naxçıvanda əsası qoyulan işlərin davamçıları və 1993-cü ildən hakimiyyətdə olan partiyamızın həyata keçirdiyi işin davamçıları olmalıdırlar.»
«Qış məktəbi»nin ikinci günündə «Demokratik dövlətin əsas anlayışları» mövzusunda təlim keçirildi. Təlimdə demokratik cəmiyyətin əsas atributları olan söz, mətbuat azadlığından, insan hüquqlarının qorunmasından, demokratik seçkilərin keçirilməsindən, çoxpartiyalı sistemin yaradılmasından geniş bəhs olundu.
YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, ilk gündən demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycan bu istiqamətdə inamla irəliləyir. Ölkəmizin 2001-ci ildə dünyanın nüfuzlu təşkilatı olan Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi bir daha onu göstərir ki, demokratik dəyərlərə sadiqlik sözdə deyil, əməldə öz təsdiqini tapıb. Heydər Əliyev demokratik prinsipləri dünənimizin, bu günümüzün və sabahımızın əsası kimi dəyərləndirərək bildirirdi ki, dovlət quruculuğunda nəinki tarixi və milli ənənələrimiz nəzərə alınır, həm də dünya təcrübəsindən, demokratik prinsiplərdən istifadə edilir.
V.Rəhimzadə cəmiyyətin güzgüsü olan mətbuatın keçdiyi inkişaf yoluna bir daha diqqəti yönəldərək bildirdi ki, Heydər Əliyevin atdığı bütün addımlarda KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsini, onlara dövlət qayğısının artırılmasını, söz, məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinə dönmədən əməl edilməsini təmin edən tədbirlər proqramının həyata keçirilməsi xüsusi diqqət çəkirdi. Mətbuata dövlət nəzarəti olan senzuranın götürülməsi, «Kütləvi informasiya vasitələri haqqında», «Məlumat azadlığı haqqında» Qanunların qəbulu, Mətbuat və İnformasiya Nazirliyinin ləğvi və s. kimi addımlar bu sahəyə diqqət və qayğıdan qaynaqlanırdı. Heydər Əliyev söz və mətbuat azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılmasını təmin etməklə cəmiyyətdə qarşılıqlı anlaşmanın, səmimiyyətin dərinləşməsini, insanların öz fikir və mülahizələrini azad, maneəsiz çatdırma imkanlarının genişləndirilməsini başlıca məqsəd kimi qəbul etmişdir. 2003-cü ildən Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin azad mətbuatın inkişafına xidmət edən addımları da davamlılığı ilə diqqət çəkir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, möhtərəm Prezidentimiz İlham Əliyev 2010 və 2013-cü illərdə «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğuya əsasən «Jurnalistlərin dostu» mükafatına layiq görülmüşdür. Dövlət başçısı İlham Əliyev ikinci dəfə «Jurnalistlərin dostu» seçilməsi münasibətilə keçirilən mərasimdə bildirmişdir ki, bu mükafatın verilməsi böyük məna daşıyır. Bu, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarədir. Cənab İlham Əliyev bu inamı ifadə etmişdir ki, bundan sonra da Azərbaycanda azad medianın inkişafına dəstək veriləcək, ölkəmizin sürətli və uğurlu inkişafı təmin ediləcək.
V.Rəhimzadə onu da qeyd etdi ki, bu gün böyük fəxr hissi ilə bildiririk ki, əsası Heydər Əliyev tərəfindən qoyulan düşünülmüş və məqsədyönlü siyasətin Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Ötən ilin 9 oktyabrında keçirilən prezident seçkiləri bir daha bu reallığı ortaya qoydu. Beynəlxalq təşkilatların, dövlətlərin müşahidə missiyalarının hesabatlarında qeyd olundu ki, 9 oktyabr 2013-cü il prezident seçkiləri Azərbaycanda demokratik islahatların təntənəsidir.
YAP Siyasi Şurasının üzvləri, YAP Gənclər Birliyinin sədr müavinləri Samirə Quliyeva və Ramin Məmmədov demokratik cəmiyyətin varlığını təsdiqləyən əsas amillərdən biri kimi ölkədə insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasından bəhs etdilər. Bildirdilər ki, Milli Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə iki dəfə referendumun keçirilməsi də bu sahəyə diqqətdən irəli gəlir.
Diskussiya şəklində davam edən təlimlərdə və debatlarda 3 qrup üzrə iştirak edən gənclər əldə etdikləri biliklərdən, məlumatlardan məmnunluqlarını ifadə edir, bir daha bu gerçəkliyi təsdiqləyirlər ki, «Qış məktəbi» biliklərin mübadiləsinə yardımçı olan layihələrdəndir.
“İki Sahil” qəzeti