Dəniz səfirlərinin videokonfransı keçirilib - Foto

Dəniz səfirlərinin videokonfransı keçirilib
Oxunma sayı: 828

“Beynəlxalq Dəniz Təşkilatının Xoşməramlı Dəniz Səfirləri” arasında videokonfrans keçirilib.

“Qafqazinfo” xəbər  verie ki, videokonfransla təşkil olunan görüşdə ölkəmizi Beynəlxalq Dəniz Təşkilatının Azərbaycan üzrə Xoşməramlı Dəniz Səfiri, Dövlət Dəniz Agentliyinin direktor müavini Fərhad Məmmədov təmsil edib.

Səfirləri salamlayan Beynəlxalq Dəniz Təşkilatının Baş Katibi Kitak Lim koronavirus infeksiyası ilə mübarizə çərçivəsində reallaşdırılan tədbirlər, gələcək planlar barədə danışıb.

Fərhad Məmmədov koronavirus (COVID-19) infeksiyasının zərərlərini minimuma endirmək üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhəmiyyətli və sistemli tədbirlərin görüldüyunü vurğuladı. Fərhad Məmmədov, pandemiyanın vura biləcəyi zərbələrdən az itki ilə çıxmaq məqsədilə Azərbaycanda vacib addımlar atıldığını, nəticədə respublikada bu sahədə vəziyyətin digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxş olduğunu söylədi.

Fərhad Məmmədov bildirdi ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə qeyri-neft sektorunun inkişaf etdirilməsi, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, sahibkarlığın inkişafına şərait yaradılması bu çətin günlərdə öz sözünü deyir. Bütün bu amillər ölkəmizin koronavirusla mübarizədə  bir nümunə olduğunu nümayiş etdirir. Artıq bəzi ölkələr Azərbaycan nümunəsini öyrənməyə, tətbiq etməyə başlayıb.

Koronavirus (COVID-19) infeksiyasının dəniz nəqliyyatı sahəsində törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində də əhəmiyyətli addımlar atıldığı videokonfrans iştirakçılarının diqqətinə çatdırıldı.

Fərhad Məmmədovun sözlərinə görə reallaşdırılan tədbirlər çərçivəsində Dövlət Dəniz Agentliyi tərəfindən Azərbaycan bayrağı altında üzən gəmilərdə Azərbaycanın dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyalar və yerli qanunvericiliklə nəzərdə tutulan və vaxtı bitmiş şəhadətnamələrin müddəti 1 iyul 2020-ci il tarixədək artırılıb.

 Beynəlxalq Dəniz Təşkilatının Xoşməramlı Dəniz Səfirlərinin diqqətinə çatdırıldı ki, koronavirus pandemiyası ilə əlaqədar zəruri xidmətlərin göstərilməsinə dair planlar barədə Azərbaycan dənizçilərinə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, dövlət liman nəzarəti və bayraq nəzarətini həyata keçirən qurumlara, gəmiləri heyətlə komplektləşdirən agentliklərə və digər aidiyyəti şəxslərə bildirişlər göndərilib.  

Həmçinin xarici bayraq altında üzən gəmilərin heyət üzvləri ilə təmasın minimuma endirilməsi məqsədilə xüsusi katerlərdən istifadə edilərək həmin gəmilərə bələdçi xidmətləri göstərilməkdədir. Qeyd edilən işlərə cəlb olunan liman nəzarəti müfəttişlərinin və bələdçilərin fasiləsiz olaraq xüsusi xidməti maşınlarla iş yerlərinə daşınmasına, onların sosial izolyasiya tədbirlərinə əməl etməsinə ciddi nəzarət edilməkdədir.

Sonda Beynəlxalq Dəniz Təşkilatının Xoşməramlı Dəniz Səfirləri görülən işlər, həyata keçiriləcək əməkdaşlıq planlarını müzakirə ediblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi