Dəniz və iydə ətirli adadan reportaj - Fotolar

deniz-ve-iyde-etirli-adadan-reportaj
Oxunma sayı: 11087

Bu adanı Abşeron yarımadasından cəmi 25 km məsafə ayırır. Təbiət baxımından Bakıətrafı kəndlərdən elə də fərqlənmir, yol boyu zeytun, əncir, tut ağacları, üzüm bağları göz oxşayır. İnzibati baxımdan Bakıya aid olsa da, adada həyat paytaxtdan çox fərqlənir. Buranın havasının da, torpağının da, insanlarının da özünəməxsus aurası var. Söhbət Xəzərin ən böyük adalarından sayılan Çilovdan gedir. 

“Qafqazinfo” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən mediatur çərçivəsində sözügedən adada yeganə təhsil müəssisəsinə - 131 saylı məktəbə baş çəkib. 

Səfərimiz Çilov adasının və Neft Daşlarının işçilərini aparıb-gətirən Q. Qarayev adına gəmi ilə gerçəkləşir. Öyrənirik ki, adada əvvəllər əhali sayı çox olsa da, kontingentin bir hissəsini təşkil edən ruslar buradan köçüb gediblər. İndi adada 1000 nəfərə yaxın daimi sakin yaşayır. Bir də həftənin müəyyən günləri bura işə gəlib geri qayıdanlar var.

Çilov adası haqqında ilk dəfə rus hidroqrafı F. İ. Soymonov 1763-cü ildə qələmə aldığı kitabında məlumat verib. O, körfəzin sonunda “Jiloy” adası olduğunu, lakin ərazidə yaşayışın olmadığını qeyd edib. Həmçinin qeydlərində Stepan Razinin öz dəstəsi ilə bir müddət buraya yerləşdiyini, sahil bölgələrinə quldur basqınları təşkil etdiyini vurğulayıb. Adanın qədim adı Çilov – Şahilandır. Bu ad isə təsadüfi deyil, öyrənirik ki, ada həm də ilanların məskənidir.

Bir saat yarımlıq dəniz yolunun sonunda Çilov adasında bizi “28 May” adına Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşları və məktəb rəhbərliyi qarşılayır. Adada vərdiş etdiyimiz nəqliyyat gözə dəymir. Küçələr boş, ətraf düzənlik və sakitlik. Burada yeganə ictimai nəqliyyat – yəni marşrut avtobusları fəaliyyət göstərir ki, onlar da əhaliyə pulsuz xidmət edir.  

Cəmi bir neçə dəqiqəyə adanın yeganə məktəbinə çatırıq. Məktəbin yaşı çox olsa da, bir neçə il əvvəl aparılan əsaslı təmir ona öz yaşını verməyə imkan yaratmır. Məktəb vaxtilə öz yetirməsi olmuş Milli Qəhrəman Rasim İbrahimovun adını daşıyır.  

20 ildən artıqdır məktəbə rəhbərlik edən Rəfail Musayevin sözlərinə görə, təhsil müəssisəsi əvvəllər hərbi qərargah kimi fəaliyyət göstərib. 1951-ci ildən isə uyğunlaşdırılaraq məktəbə verilib. 200 nəfərlik şagird tutumu olan təhsil müəssisəsində 10 sinif olmaqla 72 nəfər şagird təhsil alır. Məktəbdə ümumilikdə 34 nəfər çalışır ki, onlardan 19 nəfəri pedaqoji fəaliyyətlə məşğul olur. Qəsəbədə çalışan müəllimlər üçün yataqxana da fəaliyyət göstərir. Müəllimlər həvəsləndirici proqramla burada çalışırlar: “23 ildir bu məktəbdə işləyirəm. Mən gələn ildən bizim şagirdlərimiz ali məktəblərə qəbul olunurlar. Ada bağlı yer olsa da, həm gənc müəllimlər, həm orta yaşlı müəllimlər burada çox ürəklə işləyirlər. Biz əsasən neftçi balalarına xidmət göstəririk. Gördüyünüz bu səliqə-sahmanda Dövlət Neft Şirkətinin əməyi var. Bu məktəb binası 1951-ci ildən fəaliyyət göstərir. Sonradan əsaslı təmir olunub və SOCAR-ın dəstəyi ilə hər cür avadanlıqla təmin olunub”. 

Fotoda: Rəfail Musayev

Adadakı əhval-ruhiyyə gənclər üçün darıxdırıcı görünə bilər. Buna baxmayaraq, məktəbdə çalışan gənc müəllimlərlə də qarşılaşırıq. Onlardan biri hazırda təhsil müəssisəsində coğrafiya fənnini tədris edən Pərviz Səfərəliyevdir. O, 8 il əvvəl bu məktəbə gələndə geri qayıtmağı düşünsə də, artıq bu fikrindən daşınıb:

“Çalışıram ki, öz fənnimi müasir metod və üsullardan istifadə edərək uşaqlara sevdirim. Əlimdən gələni edirəm ki, uşaqlar həvəslə oxusunlar. 2014-cü ildə bura imtahanla gəlmişəm. Gediş-gəlişimiz gəmi ilədir. Həftənin 3-cü günləri gəlib, bazar günləri dərsdən sonra qayıdıram. Açığı, ilk günlər gediş-gəliş çətin gəlirdi. Sonradan uşaqlara öyrəşəndən sonra bu fikrimdən döndüm. Çətinliklər yaddan çıxdı, artıq öyrəşmişəm, işimdən də razıyam”.

Novruz Muradov və həyat yoldaşı Təranə Muradova məktəbin qocaman pedaqoqlarıdır. 20 ildən artıqdır ki, birlikdə bu məktəbdə çalışırlar. Onlar 4 övladlarını bu adada böyüdüb və oxudublar. Ailənin iki övladı onlarla bərabər adada çalışır.  

Məktəbdə açıq dərslərdə iştirak edirik, fənn kabinetləri ilə tanış oluruq. Həmsöhbət olduğumuz şagirdlər də müəllimlər kimi oxuduqları təhsil müəssisəsindən məmnun görünürlər. 5-ci sinif şagirdi Xədicə deyir ki, ya həkim, ya da riyaziyyat müəllimi olmaq istəyir. Lakin hələ qərar verə bilməyib: “Anadan olandan burada yaşayıram. Bakıya köçüb yaşamaq istəmirəm, çünki burada sərbəstəm, rahatam. Şəhərə çıxanda hər yer maşınların tüstüsüdür. Burada isə hava da çox yaxşıdır. Həm də dostlarım var, hər gün onlarla oynayıram”. 

Müəllimlərdən öyrənirik ki, bu məktəbdə dərsə davamiyyət demək olar ki, həmişə yüz faiz olur. Çünki adada hansısa əyləncə yerləri, o cümlədən, uşaqların ən çox sevdikləri internet-klubları yoxdur. Hətta uşaqlar dərsdən sonra da məktəb gəlib həyətdə futbol oynayırlar. 

BŞTİ rəhbəri Mehriban Vəliyevanın başçılığı ilə məktəbə səfər İdarə rəhbərliyinin 15 ildən bəri ada-məktəbə ilk səfəridir. M. Vəliyeva məktəbdə şərait və tədris mühiti ilə tanış olub, açıq dərslərdə iştirak edib daha sonra, müəllim və valideynlərlə görüşüb. O, Çilov adasındakı bu məktəbin məşhur bir tədris ocağına çevrilməsini arzuladığını dilə gətirib: 

“Bu ay Azərbaycan üçün təhsil, texnologiya adına bayrama çevrildi. “Teknofest” keçirildi. Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Nobel mükafatçısı Əziz Sancar və digər nüfuzlu şəxslər festivalda iştirak edirdilər. Mən çox istəyərdim ki, Çilov adasının gəncləri də orada olardılar. Onlar da neft layihəsi ilə, hansısa innovativ baxışlarla orada iştirak edərdilər. Yer tutmasalar da, iştirak edərdilər. Bundan sonra çalışacağam ki, Çilov adasının məktəbində də yeni innovativ baxışlar yer alsın. Əminəm ki, əl-ələ verib bu məktəbə tamamilə yeni nəfəs və baxış gətirəcəyik”.

M. Vəliyeva bildirib ki, məktəbə təşkil olunan səfərin əsas məqsədi müşahidə etmək, problemləri müəyyənlşdirmək və dəstək olmaqdır: “İlk baxışdan innovativ yanaşmaların gətirilməsi nəzərimdə oldu. Yəqin ki, bu görüşdən sonra təhlillərimiz olacaq. Məktəbə lazımi dəstəyi göstərəcəyik”.

Yolboyu adanı gəzmək imkanımız olmasa da, məktəbin arxasındakı iydə bağı diqqətimizdən yayınmır. Sakinlərdən öyrənirik ki, Çilov adasına “iydə ətirli ada” da deyirlər. Bu mövsümdə adadakı dəniz havası bir də iydə ətrinə bürünür.

Elə bu təəssüratla da səfərimizi bitirib adadan uzaqlaşırıq. Bu dəfə helikopterlə. Yaddaşımızda həmişə dəniz və iydə qoxulu ada kimi qalacaq Çilovu bir də  yuxarıdan - göydən seyr etmək imkanımız olur. 

Gülnar Əliyeva 

Fotolar: Müzəffər İsmayılov