“Dənizçi günü” peşə bayramı münasibətilə tədbir keçirildi - Fotolar

“Dənizçi günü” peşə bayramı münasibətilə tədbir keçirildi
Oxunma sayı: 1104

Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il tarixli sərəncamı ilə hər il ölkəmizdə 25 iyun tarixi “Dənizçi günü” peşə bayramı kimi qeyd olunur.

“Qafqazinfo” xəbər verir ki, bu əlamətdar tarixi gün münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinin, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Fəxri xiyabana gələrək ümummili lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əkil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı önünə gül dəstələri düzülüb. Sonra Şəhidlər xiyabanı ziyarət olunub. 

Daha sonra Dövlət Dəniz və Liman Agentliyinin inzibati binasında “Dənizçi günü”nə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Agentliyin İdarə Heyətinin sədri Arif Məmmədov ilk olaraq həyatlarını çətin, şərəfli peşəyə həsr edən dənizçilərimizi təbrik edib və məsuliyyətli işlərində uğurlar arzulayıb. Azərbaycanda dənizçilik sahəsinin şanlı tarixə sahib olduğunu və bu tarixin yazılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Agentlik sədri bildirib ki, Azərbaycanda dənizçiliyin inkişafına birbaşa və həlledici təsirləri olan “Əsrin müqaviləsi” neft sazişi, Böyük İpək Yolunun bərpası və Beynəlxalq Dəniz Təşkilatına üzvlüyümüz Heydər Əliyevin adı ilə bağlıdır.

İdarə Heyətinin sədri vurğulayıb ki, bu gün isə, dənizçilik sahəsi Heydər Əliyev yolunun layiqli davamçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsindədir. Bu baxımdan 2013-cü ildən bu günə kimi Xəzər Dəniz Donanmasına 20-dən çox yeni gəminin alınması, müasir gəmilər inşa edən Bakı Gəmiqayırma Zavodunun inşası, Xəzər Dənizində ən böyük liman olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının salınması bu mərhələnin bariz nümunələri kimi göstərilib.

Agentliyin İdarə Heyətinin sədri dəniz nəqliyyatı sektorunun rəqabətədavamlı şəkildə inkişafı məqsədilə, keçən ilin oktyabr ayında cənab Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Dövlət Dəniz və Liman Agentliyi yaradılmasından sonra həyata keçirilən mühüm islahatlardan da danışıb.

Tədbirin sonunda “Dənizçi günü” münasibətilə Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə bir qrup dənizçi “Donanmanın fəxri işçisi” və “Uzaq səfərlər kapitanı” döş nişanları ilə təltif olunub.