Dənizçilərin şəxsiyyət sənədi ilə bağlı rüsuma dəyişiklik edilir

denizcilerin-sexsiyyet-senedi-ile-bagli-rusuma-deyisiklik-edilir
Oxunma sayı: 1212

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dənizçilərin şəxsiyyət sənədləri haqqında” 2003-cü il tarixli 185 nömrəli Konvensiyanın (dəyişdirilmiş) Əlavələrinə edilmiş 2016-cı il tarixli dəyişikliklərin təsdiq edilməsi barədə, “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” və “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib. 

“Qafqazinfo” xəbər verir ki, iclasda çıxış edən komitə sədri Tahir Mirkişili bildirib ki, hər üç sənəd bir-biri ilə bağlıdır və “Dənizçilərin şəxsiyyət sənədləri haqqında” 2003-cü il tarixli 185 nömrəli Konvensiyanın (dəyişdirilmiş) Əlavələrinə edilmiş 2016-cı il tarixli dəyişikliklərə əsasən, dənizçilərin şəxsiyyət sənədlərinin forması və məzmununun beynəlxalq konvensiyanın tələblərinə uyğunlaşdırılması məqsədilə hazırlanıb. 

Qeyd edək ki, dəyişikliyə əsasən dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsinə görə müddətlərdən asılı olaraq fərqli dövlət rüsumunun tutulması nəzərdə tutulub. 

Təklif olunan qanun layihəsi də ödənilən dövlət rüsumunun məbləğindən asılı olaraq  dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişidirilməsi üçün fərqli müddətlər (on, beş və ya bir iş günü) müəyyən edir. Yeni layihəyə əsasən dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsi: on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 40 manat, beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 80 manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 120 manat rüsum ödənəcək. 

Həmçinin iclasda "Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsinə təklif edilən dəyişikliklər də müzakirə edilib.
Müzakirələrdən sonra deputatlar qanun layihələrini Milli Məclisin plenar iclasının gündəliyinə tövsiyə ediblər.

Günel Türksoy