Deputat ali məktəb rəhbərlərinə müraciət etdi

deputat-ali-mekteb-rehberlerine-muraciet-etdi
Oxunma sayı: 2466

Millət vəkili Etibar Əliyev ali məktəb rəhbərlərinə müraciət edərək distant təhsilin keyfiyyətini ənənəvi təhsilin səviyyəsinə yaxınlaşdırmağı, təhsil haqqlarının ödənişinin hissə-hissə ödənilməsinə şərait yaratmalarını xahiş edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə deputat öz “Facebook” səhifəsində yazıb.

“Hörmətli rektorlar! Bu il keçirilən qəbul imtahanlarının analoqu olmayıb. Pandemiyanın təhsilə təhdidinə baxmayaraq, qəbul imtahanları baş tutdu. Ali və orta ixtisas məktəblərinə daxil olan tələbələri təbrik edir, onlara təhsil nailiyyətləri arzulayıram. Rəhbərlik etdiyiniz ali məktəblərə daxil olan ən yüksək bal toplamış abituriyentdən an aşağı bal toplamış abituriyentə qədər hər bir tələbəyə keyfiyyətli təhsil verilməsinin məsuliyyəti sizin üzərinizə düşür.

İndiki şəraitdə əsas problem distant təhsilin keyfiyyətini ənənəvi təhsilin keyfiyyətinə yaxınlaşdırmaqdır. Distant təhsil mədəniyyətini formalaşdırmaqdır. Universitetlərə ödənişli əsaslarla daxil olan tələbələrə təhsil haqlarının hissə-hissə ödənilməsində sərbəstlik verilməlidir”.

E. Əliyev, həmçinin universitetlərdə kitabxanaların vəziyyətinə də toxunaraq bildirib ki, bu, o qədər ürəkaçan deyil. Elektron kitabxananın zənginləşdirilməsi ənənəvi kitabxananı tamamlaya bilər. Tələbələrə optimist ovqatın bəxş olunması üçün universitet psixoloqları və pedaqoqları mütəmadi olaraq onlara qrup şəklində mühazirələr təqdim edərlərsə, bu, postpandemiya dövrünə hazırlıq üçün böyük əhəmiyyət kəsb edər:

“Bir çox ekspertlər düşünürdülər ki, pandemiya dövründə şagirdlərimiz aşağı nəticələr göstərəcək. Lakin belə olmadı. Qruplar üzrə yüksək nəticə göstərənlərin sayı ötən illərdən kəskin şəkildə fərqlənmir. Ötən il 700 bal toplayan abituriyent olmasa da, bu il 2 abituriyent bu nəticəni əldə edə bildi. Bu o deməkdir ki, şəraitdən asılı olmayaraq ölkəmizdə istedadlı uşaqlar öz biliklərini nümayiş etdirə bilirlər. Ali məktəb rəhbərləri çətin şəraitdə yüksək nəticə əldə edən tələbələrə keyfiyyətli təhsilin verilməsi üçün onların universitetin bütün imkanlarından istifadə etmələrinə şərait yaratmalıdırlar”.

Millət vəkili əlavə edib ki, ölkədə qarşıya qoyulan əsas məsələ insan kapitalının inkişafıdır. Pandemiyadan asılı olmayaraq şagird nailiyyətlərini bu dəyərə yönləndirməyi bacarmalıyıq.

Gülnar Əliyeva